
Şahmat üzrə 16-cı dünya çempionu Maqnus Karlsen cins şalvarını hərraca çıxarıb.
Sportnet.az xəbər verir ki, norveçli 2024-cü ilin dekabrında geyindiyi məhz bu şalvara görə geyim qaydalarını pozması səbəbindən Nyu-Yorkda keçirilən rapid üzrə dünya çempionatından diskvalifikasiya edilmişdi.
O, cəzalandıqdan sonra artıq Beynəlxalq Şahmat Federasiyasının (FIDE) himayəsi altında keçirilən turnirlərdə iştirak etməyəcəyini bildirmişdi. Amma sonra FIDE prezidenti Arkadi Dvorkoviç dress-kod qaydalarını yumşaltmağa qərar verdiyindən Karlsen blits üzrə dünya çempionatına qatıldı və Yan Nepomnyaşi ilə birlikdə çempionluğu bölüşdü.
Şahmatçı sosial şəbəkəsindəki səhifəsində hərracla bağlı belə yazıb: "Qadağan edilmiş cins şalvar" artıq sizin ola bilər. Cins şalvarımı hərraca çıxarıram. Düşünməzdim ki, bunu nə vaxtsa yazaram. Bütün gəlir xeyriyyə fonduna gedəcək”.
Qeyd edək ki, mənbələrin "Cllct" nəşrinə bildirdiyə görə, Karlsen cins şalvar üçün özəl olaraq 25 min dollar məbləğində təklif alsa da, bu qiymətlə razılaşmayıb.