"Çox şadam ki, Şəmkirə gəlmişəm, ilk dəfədir buradayam".
Sportnet.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın mərhum qrossmesteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2019" superturnirini izləmək üçün gələn Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç deyib.
Şəmkirdə mətbuat konfransı keçirən rusiyalı funksioner yarış və yerli əhalidən razılıq ifadə edib: "Superturnir yüksək səviyyədə təşkil olunub, şəmkirlilər isə çox istiqanlıdır".
Dvorkoviç "ShamkirChess" iştirakçıları arasında dünya çempionu Maqnus Karlseni xüsusi fərqləndirib: "Karlsenin oyunu daha çox maraq doğurur. Əlbəttə, o, dünyanın ən güclü şahmatçısıdır. Burada əsas fərq budur. Onun fərqləndirici xüsusiyyəti partiyalar zamanı diqqətini maksimum dərəcədə öz oyununa kökləməsi və öz üzərində çox işləməsidir".
O, rəhbərlik etdiyi qurumda bir sıra yeniliklər etmək istədiklərini deyib: “Dəyişikliklər hər zaman konfrans yolu ilə təsdiqlənir və qərarlar bu yolla verilir. Verdiyim sözləri yerinə yetirmək üçün güclü komandamız olmalıdır. Bunun üçün bir çox güclü qrossmeysteri komandaya cəlb edirik və şahmatı bütün dünyada daha da sevdirməkdən ötrü əlimizdən gələni edirik. Dünyanın hər yerində şahmat məktəblərinin açılmasını istəyirik. Rəsmi yarışlarda qadın şahmatçıların iştirakçıların ən azı 25 faizini təşkil etmələrini hədəfləmişik. Şirkətlərlə müqavilələr imzalayırıq. Hazərda bir proqram üzərində çalışırıq. Bütün məlumatları internet vasitəsi ilə əlçatan olması üşün həmin bazada yerləşdirəcəyik”.