Gürcüstanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan şahmat turnirinə yekun vurulub.
Sportnet.az "report"a istinadən xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyində qaliblər təltif olunub.
Mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın Şahmat Federasiyasının prezidenti Giorgi Giorqadze və digər rəsmi şəxslər iştirak edib.
Turnirdə iki kateqoriya üzrə ilk üç yeri tutanlara medallar və pul mükafatları, iştirakçılara sertifikatkalar verilib.
F.Quliyev turnirin təşkilinə göstərilən dəstəyə görə Marneulidəki Çay Evinin əməkdaşlarına təşəkkür edib. O, yarış iştirakçılarına turnirə qatıldıqlarına görə minnətdarlığını bildirib, qalibləri təbrik edib.
G.Giorqadze çıxışında tədbirə dəvətə görə Azərbaycan səfirliyinə təşəkkürünü bildirib. O, şahmatın inkişafına həm Gürcüstan, həm də Azərbaycanda xüsusi diqqət ayrıldığını qeyd edib: "Bizim Azərbaycanın Şahmat Federasiyası ilə yaxşı münasibətlərimiz var. Ümid edirəm ki, bundan sonra da bu əlaqələr inkişaf etdiriləcək".