"Şəhmatçımız turniri yüksək səviyyədə keçirdi və öz əmsalını 9 bal qaldırdı".
Sportnet.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan Şahmat Federasiyasının prezidenti və Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti Mahir Məmmədov Şəhriyar Məmmədyarovun Niderlandın Veyk-an-Zeye şəhərindəki "Tata Steel Chess" turnirindəki çıxışı barədə danışrakən deyib.
O, yarışı 2-ci pillədə başa vurmuş 37 yaşlı qrossmeysterin hazırda FIDE reytinqində potensial olaraq, 5-ci sırada olduğunu bildirib: "Şəhriyar yalnız bir məğlubiyyətə məruz qaldı, dörd qələbəsi oldu. Demək olar ki, hər partiyası şahmat aləmində böyük diqqət yaradırdı. Çünki çox cəsarətli və maraqlı oyun nümayiş etdirdi. Bir çox yüksək səviyyəli rəqibi indiyədək onun oyun üslubuna öyrəşə bilmir. Qrossmeysterimizin hazırlıq səviyyəsi çox yüksək idi".
Federasiya prezidenti Məmmədyarovun Qran-pri turnirlərinə hazırlaşdığını söyləyib: "Bu yarışların yekununda 2 qalib şahmatçı İddiaçılar Turinirinə vəsiqə qazanacaq. Bilirsiniz ki, Teymur Rəcəbov da orada çıxış edəcək. Ona görə də Şəhriyar üçün bu hazırlıq çox önəmlidir".
Qeyd edək ki, "Tata Steel Chess"in qalibi adını norveçli dünya çempionu Maqnus Karlsen qazanıb.