
Azərbaycan Bilyard Federasiyası (ABF) yeni mərhələyə qədəm qoyub.
Qurumun mətbuat xidmətindən sportnet.az-a verilən məlumata görə, ölkədə bu idman növünün inkişafı və peşəkar şəkildə təbliği məqsədilə Bilyard Akademiyası yaradılıb.
Akademiya milli komandanın yüksək səviyyəli hazırlıq keçməsi üçün bütün zəruri şəraitlə təmin olunub. Burada həm peşəkar idmançılar, həm də bilyardı yeni öyrənmək istəyən hər kəs üçün nəzərdə tutulmuş xüsusi proqramlar mövcuddur.
Akademiya təkcə məşq və oyun sahəsi deyil, həm də gələcəyin çempionlarının yetişdiyi, beynəlxalq yarışlara hazırlanan mərkəzdir. Məqsəd Azərbaycanda bilyard mədəniyyətini formalaşdırmaq, gəncləri bu idman növünə cəlb etmək və dünya səviyyəli idmançılar yetişdirməkdir.
Akademiyada ilk tədbir xaricdən xüsusi dəvət olunmuş tanınmış mütəxəssis, beynəlxalq təcrübəyə malik məşqçi və bir çox aparıcı oyunçuların şəxsi məşqçisi olmuş Ağacan Piriyevin rəhbərliyi ilə seminar olub. Seminar iştirakçılarına nəzəri biliklər, texniki yanaşmalar və peşəkar inkişaf istiqamətləri üzrə dəyərli tövsiyələr verilib.