
"Çox maraqlı matç oldu".
Sportnet.az xəbər verir ki, bunu Çempionların Savaşı turnirində Özbəkistan təmsilçisi Rüstəm Kasımcanova 12:10 hesabı ilə qalib gələn Azərbaycan şahmatçısı Rauf Məmmədov deyib.
37 yaşlı qrossmeyster son oyunlarının ağır keçdiyini bildirib: "Sona 4 oyun qalmış artıq qələbəni təmin etmişdim. Axırıncı 4 partiyada cəmi yarım xal yığmağım mənə pis təsir etdi. Yenicə Almaniyadan qayıtdığımdan, bir qədər yorğunluğum var idi. Çox gözəl bir məkanda şahmat yarışı oldu və çox xoş haldır ki, qalib gəldim".
Məmmədov blitsdəki zəif çıxışına rəğmən, yenə də bu növü rapiddən asan hesab etdiyini bildirib: "Mənim üçün həmişə blits asan olub, amma 6 oyundan 11,5 xal yığandan sonra motivasiyam itdi və səhv etdim. Bununla belə, yenə fikrimdə qalıram".
Qeyd edək ki, turnirdə blitsdə qələbəyə 2 xal, rapiddə isə 1 xal verilib.