Azərbaycanın qadın stolüstü tennisçiləri Qazaxıstanda keçirilən Avrasiya Liqasında uğurlu çıxış ediblər. Sportnet.az xəbər verir ki, baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi ilə Almatıda təşkil olunan yarışda Aylin Əsgərova, Zemfira Mikayılova, Ləman Abdulhəmidova və Mərziyyə Nurmətovadan ibarət komanda mübarizə aparıb.
İlk dəfə qatıldıqları yarışın II liqasında çıxış edən millimiz yaxşı nəticə göstərib. Komanda 1-ci turda keçirdiyi 8 oyundan 7-də qələbə qazanıb və yalnız finalda Özbəkistan yığmasına məğlub olaraq ikinci yeri tutub.
Qeyd edək ki, Avrasiya Liqasının növbəti turunun oyunları 28–31 may tarixlərində keçiriləcək. Dörd turun nəticəsinə əsasən ilk iki yeri tutan komandalar Super Liqaya vəsiqə qazanacaqlar.











































































