"Turan Tovuz" klubu ev oyunlarını keçirdiyi stadionu yenidən dəyişib.
Sportnet.az-ın xəbərinə görə, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.
Rəsmi açıqlamada bildirilir ki, Tovuz şəhər stadionunun ot örtüyündə yaranmış problemlə əlaqədar PFL “Turan Tovuz”un ev oyunlarını müvəqqəti olaraq “Azersun Arena”da keçirməsinə icazə verib. Klubun Tovuz şəhər stadionuna qayıtması öncədən test oyununun keçirilməsi şərti ilə Azərbaycan Premyer Liqasının XXV tur oyununa planlaşdırılıb. Son aparılan təhlillər, mütəxəssis rəyləri və klubun rəsmi müraciətinə əsasən, stadionun oyuna hazır vəziyyətə gətirilməsinin ən tezi aprelin ortalarında mümkün ola biləcəyi müəyyənləşib.
Bu arada “Turan Tovuz”un müvəqqəti çıxış etdiyi “Azersun Arena” da təmirə bağlanıb. Klubun bu stadiondan yalnız fevralda istifadə edəcəyi əvvəlcədən rəsmən bildirilib.
Beləliklə, XXV tur oyununun, həmçinin Bizon Azərbaycan Kubokunun yarımfinalında "Zirə"yə qarşı ev matçının Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkili ilə bağlı PFL-ə müraciət daxil olub. Tovuz şəhər stadionundakı mövcud durum, klubun müraciəti, eləcə də “Sumqayıt”ın razılıq məktubu nəzərə alınaraq PFL xahişi müsbət cavablandırıb.
Bu qarşılaşmalardan sonra Tovuz şəhər stadionunun ümumi vəziyyəti yenidən qiymətləndiriləcək və XXVI turdan komandanın ev oyunlarının Tovuz şəhər stadionunda keçirilib-keçirilməməsi ilə bağlı əlavə qərar qəbul olunacaq.













































































