Azərbaycan avarçəkmə idmanının ölkə üzrə inkişafı istiqamətində mühüm addım atmağa hazırlaşır.
Sportnet.az Beynəlxalq Kanoe Federasiyasının (ICF) rəsmi saytına istinadən xəbər verir ki, bu çərçivədə ölkdə sürətli su üzərində avarçəkmə (kanoe-slalom) üçün yeni trasın yaradılması planlaşdırılır.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) 2027-ci ilin sonunadək dünya standartlarına cavab verən kanoe-slalom stadionunun inşası ilə bağlı planlarını təqdim edəcək. Bu layihə martda ICF İcraiyyə Komitəsi və Direktorlar Şurasının Bakıya səfəri zamanı müzakirə olunacaq.
Qeyd edək ki, 2024-cü ilin noyabrında ICF-in prezidenti Tomaş Konyetsko Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb və həmin görüşdə slalom trasının tikintisi məsələsinə baxılması barədə qərar qəbul edilib. Bundan sonra AKAF ICF-in dəstəyi ilə layihə üzərində genişmiqyaslı işlərə başlayıb.
Planlara əsasən, Bakıda beynəlxalq standartlara uyğun idman kompleksi inşa ediləcək və tikintinin 2026-cı ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.
AKAF-ın baş katibi Fərhad Əliyev bildirib ki, federasiyanın əsas məqsədi Azərbaycanda avarçəkmənin bütün növlərini, o cümlədən kanoe-slalomu inkişaf etdirməkdir: “Kanoe-slalom olimpiya idman növüdür. Məqsədimiz yeniyetmə və gəncləri bu idmana cəlb etməklə onun kütləviliyini təmin etməkdir. Slalom stadionunun tikintisi federasiya üçün prioritet istiqamətlərdən biridir. Bu, gələcəkdə peşəkar idmançıların seçilməsini də asanlaşdıracaq və güclü, rəqabətədavamlı komandanın formalaşmasına imkan verəcək”.
Hazırda stadionun tikintisi üçün ən uyğun məkanın seçilməsi istiqamətində müzakirələr aparılır.
Xatırladaq ki, Yure Meqliç 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında çıxış etməklə kanoe-slalom üzrə Azərbaycanı olimpiadada təmsil edən ilk idmançı olub. Həmin Oyunlarda Azərbaycan kanoe üzrə iki medal qazanıb.
Azərbaycan avarçəkmə idmanını yenidən əvvəlki uğurlu səviyyəyə qaytarmaq üçün kanoe-sprint və kanoe-slalom istiqamətlərində inkişaf proqramlarını sıfırdan qurur. Məqsəd idmançı sayını artırmaq və hazırlıq səviyyəsini yüksəltməkdir.
ICF-in İcraiyyə Komitəsi və Direktorlar Şurasının iclasları 11 – 15 martda Bakıda keçiriləcək. Martın 13-də ICF nümayəndələri Bakı və Mingəçevir şəhərlərində yerləşən idman klasterlərinə səfər edəcək, burada AKAF inkişaf planlarını təqdim edəcək.
Qeyd edək ki, Bakı 2015-ci ildə ilk Avropa Oyunlarına ev sahibliyi etməklə böyük beynəlxalq idman tədbirlərinin keçirildiyi qlobal mərkəz kimi tanınıb. Həmin Oyunlarda kayak və kanoe üzrə yarışlar Mingəçevirdə yerləşən Kür Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunub.
Azərbaycanda hər ilin may və oktyabr aylarında 20-dən çox ölkənin iştirakı ilə yeniyetmələr arasında beynəlxalq reqatalar keçirilir.
Bakı rəsmi olaraq 2026-cı ilin Dünya İdman Paytaxtı elan edilib və 24 – 28 mayda SportAccord Konvensiyasına ev sahibliyi edəcək.














































































