Rusiyanın paytaxtı Moskvada keçirilən kayak və kanoe üzrə dünya çempionatında bu gün Azərbaycanın daha 2 təmsilçisi mübarizəyə qoşulub. Sportnet.az-ın yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, bunlar 23 yaşadək kayakçılar arasında Avropa çempionatının bürünc mükafatçısı Mirnazim Cavadovla kanoe üzrə 4 qat dünya və 4 qat Avropa çempionu Valentin Demyanenko olub.
Eyni zamanda, ötən gün 500 metr məsafəyə yürüşdə finala yüksəlmiş Sergey Bezuqlıy - Aleksey Kupin dueti bu dəfə 1000 metr məsafəyə yürüşdə də eyni uğuru təkrarlamağa çalışıb.
Cavadov Bakı vaxtı ilə saat 10:50-də start xəttinə çıxıb. 22 yaşlı idmançımız 1 nəfərlik kayak qayıqla (K-1) 500 metr məsafəyə seçmə yürüşə qatılıb. Cavadovun rəqibləri Honq Penq Çanq (Çin), Adam van Kuverden (Kanada), Məhəmməd Əli Mrabet (Tunis), Kenni Uolleys (Avstraliya), Bense Dombvari (Macarıstan), Mamadu Lamarana Diallo (Seneqal) və Aleksey Moçalov (Özbəkistan) olub.
Özündən təcrübəli və titullu kayakçılarla ciddi rəqabətə girən Cavadov yürüşü 1 dəqiqə 40,993 saniyə nəticə ilə 4-cü pillədə başa vurub. Təmsilçimiz 3-cü pillədəki özbəkistanlı Alesey Moçalova 0,709 saniyə uduzub. Yürüşün qalibi adını olimpiya və ikiqat dünya çempionu van Kuverden qazanıb. O, finişə 1 dəqiqə 38,224 saniyəyə çatıb. Dombvari kanadalı kayakçıdan cəmi 0,179 saniyə geri qalıb. Digər kayakçılara gəldikdə, Çanq (01:42.805) 5-ci, Uolleys (01:43.571) 6-cı, Mirabet (01:48.333) 7-ci, Diallo (02:01.335) 8-ci olub. Kayakçımız ilk "7-liy"ə düşdüyündən, yarımfinala yüksəlib.
Yarımfinalda Cavadov finişə 1 dəqiqə 40,606 saniyəyə çataraq, 5-ci olub. Danimarkalı Rene Holten Poulsen (01:37.631) və almaniyalı Maks Hoff (01:38.115) əsas finala yüksəliblər. Slovakiyalı Martin Yankoveç (01:39.301) və finlandiyalı Miika Ditrix (01:40.082) və 4 yarımfinal yürüşündə 5-ci yeri tutanlar arasında ən yaxşı 2 kayakçıdan biri kimi Cavadov 10 - 18-ci yerlərdən birini tutmağa imkan verən B finalında yarışacaq. Digər kayakçılara gəldikdə, tunisli Məhəmməd Əli Mrabet (01:45.005) 6-cı, kiprli Andreas Diamantis (01:41.487) 7-ci, türkiyəli Karlos Markes (01:44.566) 8-ci, əlcəzairli Nəsrəddin Bağdadi (01:54.576) 9-cu yeri tutub.
Daha sonra Cavadov 1 nəfərlik qayıqla (K-1) 200 metr məsafəyə seçmə yürüşə qatılıb. O, finişə 37.339 saniyəyə çataraq, 6-cı olub. Nəticədə təmsilçimiz polşalı Denis Ambrozyak (35.441), litvalı İqnas Navakauskas (35.536), çexiyalı Filip Şvab (35.791), argentinalı Ruben Rezola Voysard (35.948) və qazaxıstanlı Sergey Tokarnitsiy (36.426) ilə birgə yarımfinala yüksəlib. Sinqapurlu Mervin Yinqji Toh (37,623) və kiprli Andreas Diamantis (37.780) isə mübarizəni dayandırıb. Yarımfinal yürüşü avqustun 9-da saat 15:40-da olacaq.
Saat 12:26-da isə Bezuqlıy - Kupin dueti start xəttinə çıxıb. 2 nəfərlik kanoe qayığı (C-2) ilə 1000 metr məsafəyə yürüşdə azərbaycanlı cütlük finişə 3 dəqiqə 45,496 saniyəyə çataraq, 4-cü yeri tutub. Onlar almaniyalı Yul Öltse - Ronald Verx (03:38.520), kanadalı Benjamin Russell - Qabriel Boşesn-Sevinyi (03:40.190) və italiyalı Nikolae Kratsyun - Daniele Santini (03:45.130) duetlərindən geri qalıblar. Sonrakı yerləri ispaniyalı Manuel Antonio Kampos - Dieqo Romero (03:46.493), meksikalı Roberto Morales Balderas - Xose Everado Kristobal Kuirino (03:46.945) və yaponiyalı Kaito Naqai - Takayuki Kokayi (03:49.937) cütlükləri tutublar. Bütün 7 duet yarımfinala yüksəlib.
Növbəti mərhələdə Bezuqlıy - Kupin dueti finişə 3 dəqiqə 34,937 saniyəyə çataraq, 5-ci olub. İlk "3-lüy"ə düşə bilmədiyindən, cütlüyümüz özbəkistanlı Serik Mirbekov - Gerasim Koçnev (03:34.886) və italiyalı Nikolae Kratsyun - Daniele Santini (03:36.125) duetləri ilə birgə mübarizəni B finalında davam etdirməli olacaq. Əsas finala macarıstanlı Henrik Vasbanyay - Robert Mike (03:31.514), ukraynalı Yuri Vandyuk - Andrey Rıbaçok (03:32.427) və fransalı Matyö Bönye - Adrian Bart (03:32.807) cütlükləri yüksəlib. Yaponiyalı Kayto Naqay - Takayuki Kokaji (03:53.397) 7-ci, çilili Xose Tafra - Xonnatan Tafra (03:57.849) və indoneziyalı Anvar Tarra - Maryuki Maryuki (03:58.724) duetləri isə mübarizəni dayandırıb. B finalı avqustun 10-da saat 9:30-da olacaq.
Nəhayət, saat 17:26-da Demyanenko start xəttinə çıxıb. Titullu idmançımız 1 nəfərlik kanoe qayığı (C-1) ilə 200 metr məsafəyə yürüşdə finişə 41,429 saniyəyə çataraq, 4-cü olub. İlk 3 yeri belaruslu Artsem Kozır (39,646), almaniyalı Ştefan Kiray (40,029) və yaponiyalı Naoya Sakamoto (40,902) tutub. Bu 4 kanoeçi ilə bərabər iranlı Adel Mojallimoqədəm (41,554) və çexiyalı Martin Egermayer (41,973) yarımfinala yüksəlib. Son 3 yeri qazaxıstanlı Sergey Yemelyanov (42,094), mozambikli Xoakim Lobo (48,406) və uruqvaylı Manuel Delio (57,506) tutub. Yarımfinal yürüşü avqustun 9-da saat 15:55-də olacaq.
Qeyd edək ki, hələlik təmsilçilərimizdən yalnız Sergey Bezuqlıy - Maksim Prokopenko dueti 2 nəfərlik qayıqla 500 metr məsafəyə yürüşdə finala yüksələ bilib.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |