Azərbaycan milli komandasının baş məşqçisi Aleksandr Kolıbelnikov Rusiyanın paytaxtı Moskvada keçirilmiş dünya çempionatında kayak və kanoeçilərimizin çıxışlarını şərh edib. Kolıbelnikov Sportnet.az-a açıqlamasında idmançılarımızın zəif çıxış etdiklərini bildirib.
Onun sözlərinə görə, Sergey Bezuqlıy – Aleksey Kupin dueti 500 metr məsafəyə 2 nəfərlik kanoe qayığı ilə finala yüksələrək, 4-cü olsa da, bu, olimpiya məsafəsi sayılmır: "Olimpiya məsafələrində əsas finala yüksələ bilmədik. Bu, ciddi çatışmazlıqdan xəbər verir. Çatışmazlıqlar təkcə idmançılarla bağlı deyil, öz tərəfimdən də mövcuddur”.
Kolıbelnikov bildirib ki, 1 nəfərlik kanoe qayığı (C-1) ilə 200 metr məsafəyə yürüşdə 10-cu yerlə kifayətlənən Demyanenkodan bundan artığını gözləməyə dəyməzdi: "İş ondadır ki, biz Azərbaycan Milli Avarçəkmə Federasiyasının rəhbərliyi ilə birgə Demyanenkonun bu il ümumiyyətlə heç bir yarışda iştirak etməməsini düşünürdük. Çünki əvvəlki zədəsi yenidən büruzə verə bilərdi. Amma özü israr etdi. Biz də hələ faktiki hazır olmadığını gördük. 2,5 aylıq hazırlıq dünya çempionu olmaq üçün az müddətdir. Bu, hətta əsas finala yüksəlmək üçün də kifayət etmir”.
Gənc kayak və kanoeçilərimizə gəldikdə, baş məşqçi onların öz hazırlıq səviyyələrinə uyğun çıxış etdiklərini vurğulayıb. Kolıbelnikov xüsusən, 23 yaşadək kayakçılar arasında bu il Avropa çempionu olmağı bacaran Mirnazim Cavadovu fərqləndirib: "Hesab edirəm ki, Cavadov son bir ildə nəticələrini xeyli artırıb. Amma bu, bizə gərəkli olan yerlər uğrunda mübarizə üçün yetərli deyil. O, 500 metr məsafəyə B finalında 4-cü oldu, 200 metr məsafədə B finalına düşməyə yaxın oldu. Amma bunlarla hədəfimizə nail ola bilmərik”.