Serbiyanın paytaxtı Belqradda yeniyetmələr və 23 yaşadək kayakçı və kanoeçilər arasında Avropa çempionatı keçirilib. Sportnet.az-ın məlumatına görə, nüfuzlu reqatada Azərbaycanı Maria-Lorena Manolika təmsil edib.
O, 23 yaşadək kayakçıların 200 metr məsafəyə yürüşlərinə qatılıb. İlkin mərhələdə 22 yaşlı idmançı finişə 41,453 saniyəyə çataraq, 2-ci yeri tutub. Manolika yarımfinalda 41,522 saniyə nəticə ilə yenə ikinci olub. O, ilk "3-lüy"ə düşdüyü üçün finala adlayıb. Həlledici yürüşdə isə gənc kayakçı 44,138 saniyə göstərici ilə 9 iştirakçı arasında 7-ci olub.
Polşalı Dominika Vlodarçik (42,242 saniyə) qızıl, serbiyalı Bilyana Reliç (42,266 saniyə) gümüş, isveçli Linnya Stensils (42,316 saniyə) bürünc medal qazanıb.







































































