
Serbiyanın paytaxtı Belqradda keçirilən akademik avarçəkmə üzrə Avropa çempionatında Aleksandr Aleksandrov və Boris Yotovdan ibarət azərbaycanlı duet finala yüksəlib. Sportnet.az-ın məlumatına görə, 2 nəfərlik qoşa avarlı qayıqla (M2X) mübarizə aparan cütlüyümüz yarımfinalda ilk "3-lüy"ə düşməyi bacarıb.
Onlar finişə 6 dəqiqə 21,730 saniyəyə çatıblar. Bu nəticə ilə duetimiz öz yarımqrupunda 3-cü yeri tutmağı bacarıb. Həlledici yürüşdə təmsilçilərimizin rəqibləri Almaniya, Hollandiya, Norveç, Litva və Böyük Britaniya duetləri olacaq.
Qeyd edək ki, Avropa çempionatında daha bir avarçəkənimiz - 1 nəfərlik yüngül çəkili qayıqla (LM1X) Cavid Əfəndiyev də yarışıb. Lakin o, 13-cü yer uğrunda mübarizəyə imkan verən C yarımfinalında 7 dəqiqə 19,1 saniyə nəticə ilə sonuncu olub. Əfəndiyev 19-cu yer uğrunda D finalı yürüşünə isə qatılmayıb.
Qeyd edək ki, Aleksandr Aleksandrov - Boris Yotov dueti final yürüşünə iyunun 1-də Bakı vaxtı ilən saat 17:18-də çıxacaq.