
Avropa Olimpiya Komitəsinin (EOC) iki üzvü Mingəçevir şəhərindəki "Kür" Olimpiya Mərkəzində olub. Sportnet.az-ın məlumatına görə, qonaqlar səfər zamanı avarçəkmə yarışları üçün baza rolunu oynayan idman qurğusundakı irəliləyişlər barədə müsbət fikirlər söyləyiblər.
EOC-un Oyunlar üzrə baş məsləhətçisi Quido de Bondt və İrlandiya Milli Olimpiya Komitəsinin baş katibi Dermot Henihan ərazini gəziblər və mövcud obyektdə gedən yenidənqurma işləri barədə son məlumatlardan xəbərdar ediliblər.
"Burada, Mingəçevir şəhərindəki obyektlərdə əldə edilən irəliləyişlər bizi heyran etdi. Sözügedən obyektlər şübhəsiz ki, idmançıların hər cür ehtiyaclarını qarşılayacaq və onlara Oyunlar zamanı ən yüksək şəkildə çıxış etmək imkanı yaradacaq. I Avropa Oyunlarını həyata keçirməsi üçün Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinə qısa vaxt müddətinin verilməsinə baxmayaraq, əminik ki, onların detallı planlaşdırmaları və gərgin işləri obyektin qrafik üzrə və yüksək standarta cavab verəcək şəkildə tamamlanmasını təmin edəcək" deyə qonaqlar bildiriblər.
"İşıqlar şəhəri” kimi tanınan Mingəçevir Bakıdan təxminən 250 km məsafədə, çay sahilində yerləşir və Azərbaycanın avarçəkmə növləri üzrə yığma komandalarının vətəni hesab edilir. Avropa Oyunlarının tələblərinə uyğun yüksək səviyyəli standartlara cavab verməsi üçün mövcud obyektdə geniş təkmilləşdirmə işləri gedir. "Kür" Olimpiya Mərkəzində keçiriləcək kayak və kanoe növü üzrə yarışlar 14 - 16 iyunda baş tutacaq. Mübarizəyə 12 kayak (kişilər və qadınlar arasında) və 3 kanoe (yalnız kişilər arasında) qayıqları üzrə 350-dən çox idmançı qatılacaq.