
İyunun 4-də Su İdmanı Sarayında Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin idmançılarının iştirakı ilə “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Sportnet.az xəbər verir ki, bu gün yarışlarda 30–34, 35–39, 40–44, 45–49, 50–54, 55–59, 60 və yuxarı yaş qruplarından olan iştirakçılar öz bacarıqlarını nümayiş etdirirlər.
İyunun 5-də 9 yaşdan kiçiklər, 9–10, 11–12, 13–14, 15–16, 17–19, 20–24 və 25–29 yaş qruplarını təmsil edən üzgüçülər mübarizə aparacaqlar.
Layihənin məqsədi üzgüçülüyün kütləviliyini artırmaq, sağlam həyat tərzini təşviq etmək və iştirakçı ölkələr arasında dostluq əlaqələrini möhkəmləndirməkdir.
Gənclər və idman naziri yarışın önəmindən danışıb: Növbəti kütləvi tədbirlər silsiləsindən olan tədbirimizdir. İkinci dəfədir bu yarışı keçiririk.
Gördüyünüz kimi, həm qadınlar, həm də kişilər arasında yarış keçirilir. Bizi sevindirən məqam odur ki, ildən-ilə həm hovuzların, həm də iştirakçıların sayı artır. Bu isə bizim düzgün yolda olduğumuzdan xəbər verir. Gələcəkdə də bu istiqamətdə tədbirlərimizi davam etdirəcəyik”.