
Ağdamın "Qarabağ" klubu Azərbaycan Premyer Liqasının XXXII turunda çempionluğu təmin edə bilər. Sportnet.az-ın məlumatına görə, "Qarabağ"ın "Qəbələ"yə qalib gələcəyi və "İnter" Zaqatalada məğlub olacağı təqdirdə bu baş verə bilər.
Bu məqamı nəzərə alaraq idman jurnalistləri arasında sorğu keçirdik. "Sizcə, "Qarabağ" bu tur çempionluğu qazana biləcək mi?" sualına media nümayəndələri belə cavab verdi:
Rəşad Ergün: "Cari mövsümdə "Qarabağ" üçün ən çətin rəqib "Qəbələ" olub. Məsələ burasındadı ki, indi "Qəbələ"nin özünə də qələbə hava-su kimi lazımdı, bürünc medalları qazanmağa ümid çoxdu. Üstəlik, artıq neçə turdu ki, qəbələlilərin qələbə seriyası davam edir. "Qarabağ" üçün isə çempionluq boşqabın içindəki hazır yemək kimidi - istədiyi vaxt çəngəli uzadıb götürə bilər. Buna görə də, "Qarabağ"ın çempionluğu Qəbələdə əldə edəcəyinə inamım azdı".
Aydın Bağırov: "Xeyr. "Qarabağ" uduzacaq, "Qəbələ" də qələbə seriyasını 9-a çatdıracaq".
Zaur Xudiyev: "Əgər bu tur "Qarabağ" qələbə qazansa, riyazi olaraq çempionluğu təsdiqləmiş olacaq. Qaldı ki, komandanın qələbə qazanıb-qazanmayacağına, bax əsas məsələ budur. "Qəbələ" yaxşı forma yığıb, Avrokuboklara vəsiqə verən yerdən uzaqlaşmamaq üçün mütləq ağdamlılar üzərində qələbə qazanmalıdırlar. Üstəlik doğma meydan amilini də bura əlavə eləsək... Məncə, Qurban Qurbanov və yetirmələri çempionluğu bayram etmək üçün daha bir tur gözləməli olacaqlar".
Coşqun Eldaroğlu: "Məncə, "Qarabağ bu tur çempion olmayacaq. Ümumiyyətlə, "Qəbələ"ni məğlub edəcəyini gözləmirəm".
Səxavət Qurbanov: "Qarabağ"ın bu tur çempionluğu təmin edəcəyi inandırıcı deyil. Çünki erkən çempionluq üçün özünün qazanması təkcə şərt deyil, həm də "İnter"in uduzmağını gözləməlidi. "Qəbələ"nin son həftələrdəki uğurlu çıxışı "Qarabağ"ın ordan qələbə ilə dönə biləcəyi ilə bağlı iddiaları da suallara çevirib adətən. "İnter"in Zaqatalada "Simurq"a uduzması isə heç inandırıcı deyil. Çempionatda sona 4-5 tur qalmış intriqanın da ölməsi heç kimə maraqlı deyil. "Qarabağ" sona 2-3 tur qalmış ən yaxşı halda çempionluğu təmin edəcək. Bu tur heç kim buna ümid etməsin".
Kəmalə İsmayılova: "Düşünürəm ki, intriqanı saxlamaq və çempionat bitməsinə az qalmış, marağın ölməməsi üçün çempionluq yarışı son tura kimi davam edəcək. Təbii ki, "Qarabağ"ın çempionluğuna artıq heç kəsin şüphəsi yoxdur. Amma bu tur inanmıram çempionluğu əldə edəcəklərinə".
Ceyhun Əliyev: "İnanmıram. Bu fikirdə olmağımın səbəbkarı "İnter" yox, "Qəbələ"di. Ardıcıl 8 turluq qələbə seriyası meydan sahiblərinə "12-ci oyunçu" sarıdan korluq çəkməyəcəklərini təmin edəcək. Komanda yüksəlişdədi, bu faktor da "Qəbələ"nin xeyrinə olan amillərdəndi. Üstəlik "bürünc qoxusu" da Qəbələni bürüyüb ki, Roman Qriqorçuk üçün bundan gözəl debüt ola bilməz. "Qarabağ" isə nə qədər də ardıcıl 2-ci çempionluq arzusunda olsa da, oyuna tam köklənə bilməyəcək. Yaranmış xal fərqi Ağdam təmsilçisinin sıralarında arxayınlığa zəmin yaradacaq. Bütün bu faktorları topladıqda hesab edirəm ki, ölkə çempionluğunun rəsmiləşməsi növbəti turda baş verməyəcək".
Elçin Cəlilov: "Qarabağ" mövsüm boyu kifayət qədər göstərdi ki, rəqiblərindən oyun mahiyyətində də, görüntüsündə də, plastikasında da, şarmında da üstündü. Qurbanovun drujinası gərək bu mövsümkü rəqabətə qapılmasın, avroliqalarda çətinlik yaşaya bilərlər. Çünki sona çatmaqda olan mövsüm "Atlılar" xeyli zəifləmiş çempionatda oynadığının fərqindədir yəqin. Rəqabət qızğın və sərt deyil. Autsayderlər, "can üstə" olan komandaların arasında çempion olmaq asandı, ancaq başqa yarışlarda bunun fəsadlarını yaşaya bilərlər, indidən tədbir görülməlidi.
Qaldı ki, qarşıdakı tur çempionluğu erkən rəsmiləşdirmək məsələsinə, məncə, Qurbanov ehtiyatı əldən verməz, tam heyət və tam güclə oynayacaqlar. Belədə onlara qalib gəlmək çətin olur. Hər halda, rəqib rekord eyforiyasından çıxıbsa, əslində Qriqorçukun komandasına qalib gəlmək də asan deyil. Bu mövsüm "Qarabağ" üçün ən çətin rəqib məhz bu bölgə təmsilçisi oldu.
Mənimçün çempionluğun rəsmiləşməsindən çox oyun maraqlıdı - xeyli dinamik matç izləmək şansımız var.
Ruslan Sadıqov: "Komandaların yerləri müəyyənləşdikcə, mövsümün sonlarında gözlənilməz nəticələr çox olur. Şəxsən mən "Qarabağ”ın 32-ci turda çempionluğunu rəsmiləşdirəcəyinə inanmıram. Çünki onları 8 oyundu qələbələri sıralayan "Qəbələ” ilə səfər oyunu gözləyir. Üstəlik, "Qəbələ” Avrokuboka vəsiqəni hələ rəsmiləşdirməyib və bürünc medal uğrunda da mübarizə aparır. Yəni "Qarabağ”ın bu turda xal itirmək ehtimalı böyükdü. "İnter” də gələcəyi qeyri-müəyyən olan "kiçik qardaşı” "Simurq”a çətin uduzar. "Simurq”un futbolçuları artıq oyunlara candərdi çıxırlar ki, mövsümü tamamlasınlar. Fikrimcə, bu turda "İnter” "Qarabağ”la xal fərqini bir qədər azaldacaq. Ancaq "Qarabağ”ın çempionluğuna şübhə etmirəm".
Röya KƏRİMLİ