"Turnirə hazırlaşmaq üçün vaxtımız çox olmadı".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandasının baş məşqçisi Vasif Talıbov 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turniri barədə danışarkən deyib.
Gənc mütəxəssis bu gün qarşılaşacaqları Niderland ilə görüşdə komandasının ən yaxşı oyununu göstərməyə çalışacağını bildirib: "Bir neçə oyunçumuz ölkə xaricində çıxış edir. Məsələn, Polina Rəhimova Braziliyada oynayır. Bu mənada hazırlıq üçün vaxtımız az oldu. Amma Niderlanda qarşı ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq".
Azərbaycanın ilk rəqibi olan Niderland millisinin baş məşqçisi Covanni Kaprara da axşamkı oyunla bağlı fikirlərini açıqlayıb. Bu turnirə qədər Azərbaycan millisinə rəhbərlik etmiş italiyalı mütəxəssis doğma meydan amili və komandasının hazırlığından danışıb: "Azarkeşlərimiz oyun zamanı komandaya kömək edə biləcəklər ki, bu da bizim üçün böyük üstünlükdür. Belə arenada və doğma azarkeşlər önündə oynayacağımız üçün çox şadıq. 10 gün ərzində nəyisə dəyişmək mümkün deyil, ancaq əsas məqsədim bütün oyunçularımın rahat, yaxşı formada və döyüşə hazır olmalarıdır. Əminəm ki, onlar Azərbaycanla görüşə hazırdırlar".
Qrupdakı daha bir rəqib olan Polşa millisinin kapitanı Aqneşka Kakolevska da qarşıdakı turnir haqda fikirlərini bölüşüb. Təcrübəli voleybolçu turnirdən öncə Azərbaycan yığması ilə keçirdikləri yoxlama görüşlərinə də toxunub: "Hazırlıq prosesi çox qısa idi. Lakin turnirdəki bütün komandaların vaxtı aşağı-yuxarı eyni olub. Daha öncə Azərbaycanla iki yoxlama oyunu keçirdik və hər iki görüşdə qalib gəldik. Buna görə də turnir barədə müsbər düşünə bilərik".
Qeyd edək ki, Niderlandın Apoldorn şəhərində keçiriləcək turnirdə Azərbaycan millisi qrupda meydan sahibləri ilə yanaşı, Polşa və Bolqarıstan yığmaları ilə mübarizə aparacaq. İlk sınaq bu axşam Niderlanda qarşı olacaq. Görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq ("Report").