
Azərbaycan güləşçiləri Bolqarıstanın paytaxtı Sofiyadakı Avropa Olimpiya Təsnifat Turnirində çıxışlarını başa vurublar.
Sportnet.az-ın məlumatına görə, bu gün döşək üzərinə çıxmalı olan Azərbaycanın yunan-Roma güləşçiləri bundan imtina ediblər. Rəsul Çunayev (67 kq) isveçrəli Andreas Vetş ilə təsəlliverici, Rafiq Hüseynov (77 kq) isə Bolqarıstanı təmsil edən erməni Aik Mnatsakanyanla final görüşünə çıxmayıb. Onların imtina səbəbi məlum deyil.
Qeyd edək ki, ötən gün Rafiq Hüseynov finaladək irəlilədiyi üçün Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Rəsul Çunayev isə 1/4 finalda uduzduğu üçün vəsiqəsiz qalıb.