Qadın boksçulardan ibarət Azərbaycan milli komandası iyunun 4-də Fransanın paytaxtı Parisdə start götürəcək Avropa Olimpiya Təsnifat Turnirinə hazırlığı başa vurub.
Sportnet.az-ın federasiyanın rəsmi saytına istinadən məlumatına görə, baş məşqçi Elbrus Rzayevin rəhbərlik etdiyi yığma artıq yarışa yollanıb.
Beş gün davam edəcək turnirdə 2 qadın idmançı qüvvəsini sınayacaq. Tokio Yay Olimpiya Oyunlarına vəsiqə uğrunda Məhsəti Həmzəyeva (57 kq) və Aynur Rzayeva (75 kq) mübarizə aparacaq.
Həmçinin ölkə xaricində təlim-məşq toplanışında olan kişilərdən ibarət milli komanda da Təsnifat Turnirinin baş tutacağı ölkəyə gedib.
Qeyd edək ki, Avropa Olimpiya Təsnifat Turniri ötən il martın 14-də başlayıb. Lakin Böyük Britaniyanın paytaxtı Londondakı yarış üç gündən sonra koronavirus pandemiyası üzündən dayandırılıb. Azərbaycan millisinin heyətində Tayfur Əliyev (57 kq) 1/4 finala yüksəlməklə olimpiadada iştirak hüququ qazanıb. Cavid Çələbiyevlə (63 kq) Lorenzo Sotomayor (69 kq) turnirdə çıxışını 1/8 finaldan davam etdirəcək.
Alfonso Dominqes (91 kq), Məhəmməd Abdullayev (+91 kq), həmçinin Məhsəti Həmzəyeva (57 kq) və Aynur Rzayeva (75 kq) Londonu rinqə çıxmadan tərk ediblər.