Azərbaycanın cüdo üzrə kişilərdən ibarət milli komandası Qusarda təlim-məşq toplanışını davam etdirir. Sportnet.az-ın məlumatına görə, həftənin ilk günlərindən Şahdağda keçirilən hazırlıq prosesini Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi də yaxından izləyir.
Toplanışın əsas məqsədi dağlıq iqlimdə fiziki hazırlığın yüksəldilməsidir. Təlimlərdə Macarıstanın paytaxtı Budapeştdəki dünya çempionatına qatılmayan cüdoçular iştirak edirlər. Rüstəm Orucov, Məmmədəli Mehdiyev, Zelim Kotsoyev, Uşangi Kokauri və digər cüdoçularımız məşqçi Elxan Məmmədovun nəzarəti altında fiziki yükləmələrlə məşqləri davam etdirir.
Qeyd edək ki, təlim-məşq toplanışı Tokio Yay Olimpiya Oyunlarına hazırlıq xarakteri daşıyır. Dünya çempionatından qayıdacaq cüdoçular da yaxın günlərdə millinin Şahdağ düşərgəsinə qoşulacaqlar.