"Bugünkü görüş Tokioya yollanacaq şəxslər üçün əhəmiyyətlidir. Azərbaycan idman ölkəsidir. Prezident İlham Əliyev idmana böyük qayğı və dəstək göstərir. Pandemiya şəraitində bir çox məsələlər dəyişib".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli Tokio-2020 Yay Olimpiya Oyunlarına həsr edilmiş tədbirdə deyib.
O bildirib ki, olimpiadada dopinq nəzarəti ilə bağlı bəzi dəyişikliklər edilib: "Rio-2016-da müşahidə edildi ki, təqribən 6-7 ay idmançılar testdən keçməyib. Bizdə isə yarış öncəsi dəfələrlər testlər aparılıb. İdmançılar təmiz mühitdə yarışacaqlar".
Ş.Hüseynlinin sözlərinə görə, idmançıların bütün sualları AMADA tərəfindən cavablandırılır və cavablandırılacaq: "Tokioda idmançılarımıza böyük və təmiz qələbələr arzulayıram".
Tədbirdə bildirilib ki, idmançılar yarış zamanı hər hansı maddədən istifadə etdikdə diqqətli olmalıdırlar. Bundan əlavə, 18 yaşadək idmançıların dopinq-testi zamanı yanlarında mütləq nümayəndə olmalıdır.