"Abşeron" komandasının baş məşqçisi Erhan Toker "Sərhədçi" ilə matçdan öncə klubun mətbuat xidmətinə müsahibə verib. Sportnet.az həmin müsahibəni təqdim edir:
- "Sərhəçi" ilə görüşdən öncə komandada ümumi durum necədir?
- Hazırlıqlarımız yaxşı keçir. Bu həftə bir qədər də çalışmaq şansımız oldu. Hazırda zədəli oyunçumuz yoxdur. Bu axşam daha bir məşqimiz olacaq. Ümid edirəm, oyuna qədər hər şey qaydasında olacaq. Ümumilikdə yaxşı bir həftə keçirdiyimizi deyə bilərəm.
- Rəqibi necə dəyərləndirirsiniz?
- Rəqibimizi liqanın yaxşı kollektivlərindən biri hesab edirəm. Heyətləri yaxşı oyunçulardan təşkil olunub. Xüsusilə legioner oyunçuları kifayət qədər yaxşıdır. Yerli oyunçuların da liqaya görə yaxşı olduğunu düşünürəm. Baş məşqçiləri Evren Alkaya bu çempionatın ən təcrübəli məşqçilərindən biridir. 3 ildir burada gözəl işlər görür. Bu anlamda rəqibə hörmət edirik.
- Ötən həftə komandanın hələ də tam hazır olmadığını vurğulamışdınız. Geridə qalan bir həftədə nələr dəyişib?
- Son açıqlamamda "hazır olmaq üçün bizə daha 3 həftə lazımdır" - deyə bir fikir bildirmişdim. Bir həftəsi geridə qaldı. Hələ də çatışmayan cəhətlərimiz var. Bu, oyunçularla bağlı deyil. Əsasən taktiki və texniki tərəfdən axsayırıq. Bunları aradan qaldırmaq üçün bir qədər zaman lazım olur. COP29-la bağlı çempionatda yaranacaq fasilənin bizə müsbət təsir edəcəyini düşünürəm. Məhz bu müddətdən sonra tam hazır ola biləcəyik.