“Lənkəran”nın amerikalı basketbolçusu Filmon Gebriyhit klubun mətbuat xidmətinə müsahibə verib. Sportnet.az xəbər verir ki, o, komandanın və özünün çıxışı, Azərbaycanda ən çox bəyəndiyi şeylər və “Quba”ya qarşı oynayacaqları matç haqqında danışıb.
- “Sumqayıt”a qarşı oyunda ilk qələbənizi qazandınız. Bu komandadakı ab-havaya necə təsir etdi?
- Komanda olaraq qazandığımız birinci qələbəmiz idi və yeni yaranmağımıza baxmayaraq, inam hissi ilə “biz də buradayıq” dedik.
- “Sumqayıt”la oyunda komandanın ən məhsuldar ikinci basketbolçusu oldunuz. 2 matçdan sonra çıxışınızdan razısınız?
- Mövsüm çox uzundur, yaxşı və ya pis keçən bir oyunun əhvalıma təsir etməsinə icazə verməməyə çalışıram. Qələbələrin davamı üçün yaxşı vərdişləri davam etdirməyimiz vacibdir.
- Sərbəst atışları maraqlı yerinə yetirmək tərziniz var. Atışdan əvvəl mərkəz xəttinə qədər gedib daha sonra atış nöqtəsinə gəlirsiniz. Nə üçün beləı etdiyiniz maraqlıdır. Bu, sizin üçün bir ritualdır?
- Bunu gənc yaşlarımdan bəri edirəm. Müəllimlərimdən biri mənə bu üsulu öyrətdi. Bu mənə fikirlərimi cəmləmək, dərindən nəfəs almaq və sərbəst atışlara fokuslanmaq üçün fürsət yaradır.
- Lənkəranda yaşamaq necədir? Ən çox nələri sevirsiniz? Şəhərə alışmısınız?
- Lənkəran basketbola həqiqətən fokuslana biləcəyiniz bir yerdir. Ətrafda diqqəti yayındıran şeylər yoxdur və ən çox bunu sevirəm. Buradakı insanlar çox qonaqpərvər və mehribandırlar. İstər şəkil çəkdirməyi, istər sadə söhbətləri çox səmimi qarşılayırlar. Burada xoşuma gələn bir yemək də tapmışam, “dönər” adlanır. Bu uzun müddətdir yediyim ən dadlı yeməkdir.
- Bakı və Sumqayıtda da olmusunuz. Bu 3 şəhərdən ən çox hansı xoşunuza gəldi və nə üçün?
- Üç şəhəri də sevdim. Amma Bakıda mənzərə və memarlıq həqiqətən heyrətamizdir.
- "Quba"ya qarşı səfər matçından gözləntiniz nədir? İkinci qələbəni qazanacağınıza inanırsınız?
- "Quba" güclü komandadır və onu ciddiyə almaq lazımdır. Məşqçinin bizim üçün hazırladığı oyun planını izləsək, uğur qazanacağımıza və ikinci qələbəmizi əldə edəcəyimizə inanıram.