
Voleybolçu qadınlar arasında Azərbaycan Super Liqasında növbəti turun görüşləri keçirilib. Sportnet.az-ın məlumatına görə, əvvəlcə "Azərreyl"lə "Telekom" üz-üzə gəlib.
Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. "Telekom" yalnız sonuncu setdə ciddi müqavimət göstərə bilib. İlk setdə 25:17, növbətisində 25:18 hesablı üstünlüyə nail olan "Azərreyl" qələbəsini üçüncü setdə rəsmiləşdirib - 25:21.
"Azəryol" isə "Lokomotiv"i darmadağın edib. İlk setdə 25:18, ikincisində 25:19 hesablı qələbə qazanan Ziya Rəcəbovun komandası üçüncü setdə ciddi müqavimətlə üzləşməsinə baxmayaraq, 26:24 hesablı üstünlüklə görüşü başa vurub - 3:0.
Bu nəticələrdən sonra "Telekom" 14 xalla liderliyini qoruyur. "Lokomotiv" və "Azərreyl" hərəyə 13 xalla 2-3-cü yerləri bölüşür. Ehtiyatda bir oyunu olan "Azəryol" isə 11 xalla 4-cü pillədədir.






































































