Voleybol yarışı gərginliyi və hakimlərin prinsipiallığı ilə yadda qaldı
Jurnalistlər və "Azəryol"in rəhbərliyinin iştirakı ilə keçirilən tədbirə Azərbaycan Voleybol Federasiyası (AVF) də dəstək verib. Oyunlar məhz federasiyanın zalında təşkil olunub və qurumun hakimləri tərəfindən idarə edilib.
İAM sədri Elşən Məmmədov ilk öncə yarış iştirakçılarını salamlayıb. O, tədbirin məqsədi haqda məlumat verib: "Yarış 5 mart - Bədən Tərbiyəsi və İdman günü, 8 mart - Beynəlxalq Qadınlar gününə həsr olunub. Bu mövsüm Avropa Voleybol Konfederasiyasının Kubokunda artıq yarımfinaladək irəliləyən "Azəryol”un Rusiyanın "Dinamo" (Krasnodar) klubu ilə oyunlarından öncə jurnalistlərlə görüşü təşkil olunması məqsədəuyğun saydıq. Media nümayəndələri klubun rəhbərliyi və voleybolçuları ilə yaxından tanış olaraq, onlara Krasnodar səfəri öncəsi mənəvi dəstək verəcəklər”.
Məmmədov onu da bildirib ki, media nümayəndələrindən formalaşmış 3 komanda (Televiziyaçılar, Qəzetçilər, Sayt əməkdaşları) və "Azəryol" rəhbərliyindən ibarət kollektiv arasında mini-turnir keçiriləcək. Qaydaya əsasən oyunlar 2 setdən ibarət idi. Hesab 1:1 olacağı halda, qalibi müəyyənləşdirmək üçün əlavə set təyin olunacaqdı.
Oyunlar başlamazdan öncə bir neçə gün əvvəl dünyasını dəyişmiş Əməkdar bədən tərbiyəsi və idman xadimi, Tofiq Bəhramov adına Respublika stadionunun sabiq direktoru Akif İsmayılovun xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Püşkə əsasən ilk oyunda "Televiziyaçılar” ilə "Sayt əməkdaşları” görüşüblər. Bərabər səviyyəli komandalar arasındakı oyun çox gərgin və maraqlı keçib. Televiziya işçiləri ilk seti 25:23 hesablı qələbə ilə başa vurublar. Hakimlər elə oyunun startından prinsipiallığını ortaya qoyaraq, sərt qərarları ilə diqqət çəkiblər. İlk setdə "Televiziyaçılar”ın aparıcı oyunçusu Gündüz Abbaszadəyə söz güləşdirdiyi üçün sarı vərəqə göstərilib. İkinci set daha gərgin keçib. Bu dəfə hakim "Sayt əməkdaşları”nın təcrübəli oyunçusu Ceyhun Əliyevə hakimə etirazına görə sarı vərəqə göstərib. Etirazla razılaşmayan Əliyev ikinci sarı vərəqə alaraq, qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Onun qərardan inciyən komanda yoldaşı Kənan Məstəliyev isə oyunu tərk edib. "Televiziyaçılar” ikinci seti də qələbə (25:22) ilə başa vuraraq finala vəsiqə qazanıblar.
Gözlənildiyi kimi, digər yarımfinalın qalibi "Azəryol”un kollektivi olub. Paytaxt klubunun rəsmiləri "Qəzetçilər”i hər iki setdə yenməkdə çətinlik çəkməyiblər – 25:12, 25:16. Həlledici matçda "Televiziyaçılar” məğlub komandaların aparıcı oyunçularından təşkil olunan komanda ilə üz-üzə gəliblər. "Azəryol”çular – baş məşqçi Ziya Rəcəbov və komanda yoldaşları isə hər iki komandaya bərabər sayda bölünüblər. Bir setdən ibarət mübarizənin qalibi televiziya nümayəndələri olublar – 25:22.
Yarışdan sonra mükafatlandırılma mərasimi keçirilib. Elşən Məmmədov əvvəlcə xanımlara – AVF-nin mətbuat xidmətinin rəhbəri, keçmiş voleybolçu Şəfəq Kərimova ilə "Azəryol”un gənc oyunçusu Anna Stepanyuka xatirə hədiyyəsi və gül təqdim edib. Media ilə sıx və səmərəli əməkdaşlığa görə "Azəryol” "Təşəkkürnamə” ilə təltif olunub. İAM sədri bunu komandanın baş məşqçisi Ziya Rəcəbova təqdim edib. Qalib komandaya kubok kapitan, ATV-nın aparıcısı İlkin Fikrətoğluna təqdim olunub. Yarışın ən yaxşı oyunçususu da "Televiziyaçılar”dan olub. Bununla bağlı nəzərdə tutulan mükafata "İdman Azərbaycan”ın əməkdaşı Ramiz Mirzəzadə layiq görülüb. Sonda komandalar və təşkilatçılar birgə xatirə şəkli çəkdirib.
Qeyd edək ki, tədbirin informasiya dəstəkçisi "Report" İnformasiya Agentliyi və Sportnet.az portalı, sponsoru isə "Kolizey İnşaat" olub.
Fotolar İslam Atakişiyevə məxsusdur