Bu gün voleybolçu qadınlar arasında CEV Kubokunun yarımfinal mərhələsinin cavab görüşü keçirilb. Sportnet.az-ın məlumatına görə, "Azəryol" Rusiyanın "Dinamo" (Krasnodar) komandasından ilk görüşdəki 0:3 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışıb.
Bakıdakı Voleybol Mərkəzində təşkil olunmuş qarşılaşmada Azərbaycan təmsilçisi ilk növbədə, 3:0 və ya 3:1 hesabı ilə qalib gəlməli, ardından "qızıl set"i qazanmalı idi. Rəqibinə 2 set verəcəyi təqdirdə, baş məşqçi Ziya Rəcəbovun komandası finala yüksələ bilməyəcəkdi. Amma ilk 2 setdə ciddi müqavimət göstərməsinə rəğmən, "Azəryol" CEV Kubokunun ötənilki qalibini üstələyə bilməyib. Ucaboy voleybolçuları sayəsində bloklarda və hücumlarda daha dəqiq olan "Dinamo" ikinci setdə finala vəsiqəni təmin edib.
Bundan sonra ruhdan düşən "Azəryol" təsəlli setini də qazana bilməyib və görüşü ilk qarşılaşmadakı hesabla uduzub - 0:3. Məğlubiyyətə baxmayaraq, "Azəryol" yarımfinaladək irəliləməklə, tarixi nailiyyətə imza atıb.
Qeyd edək ki, "Dinamo" finalda Türkiyə "Qalatasaray"ı ilə üz-üzə gələcək. İlk oyun martın 29-da İstanbulda, cavab görüşü isə aprelin 2-də Krasnodarda təşkil olunmalıdır.
CEV Kuboku
Yarımfinal, cavab görüşü
18:00. "Azəryol" (Azərbaycan) - "Dinamo" (Krasnodar, Rusiya) - 0:3 (17:25, 25:27, 17:25)
Hakimlər: David Qril (Sloveniya), Zdenek Qrabovski (Çexiya)