Azərbaycan Basketbol Federasiyası (ABF) kişilər arasında 26-cı ölkə çempionatında yaranmış vəziyyətlə bağlı narahatlığını bildirir.
Sportnet.az-ın məlumatına görə, bu barədə federasiyanın bəyanatında vurğulanır. ABF hesab edir ki, ölkə çempionatını boykot edərək üsyan qaldırmaq idman hərəkatına zidd və qanunsuzdur.
Bəyanatda deyilir: "Hazırda Federasiya gənclərdən ibarət yığma komandanın Bakıda keçiriləcək Avropa Olimpiya Yeniyetmə Festivalının hazırlığına başlıca önəm verir. Basketbol Federasiyasına qarşı atılan təxribat xarakterli hərəkətlər bu dövlət səviyyəli idman tədbirinin hazırlıq prosesinə zərbə vurmaqdadır. Bununla əlaqədar, bütün məsuliyyət basketbol ictimayyəti adından danışmaq səlahiyətini mənimsəyən bəzi basketbol “xadimlərinin” üzərinə düşür. Bütün sivil dünyada qəbul edilmiş qaydalara əsasən istənilən idman təşkilatı onun təsdiq edilmiş nizamnaməsinə əsasən fəaliyyət göstərir. Federasiya rəhbərliyinin dəyişdirilməsi növbəti hesabat-seçki konfransında bu qurum üzvlərinin səs verməsi yolu ilə həyata keçirilir.
ABF basketbol ictimaiyətimizə müraciət edərək, ayrı-ayrı şəxslər tərəfindən çempionatın boykotuna sövq edən addımları qətiyyətlə pisləyir: "Bütün Azərbaycan basketbolsevərlərini basketbola hörmətlə yanaşaraq, dövlətimizin uğurla həyata keçirdiyi idman siyasətinə dəstək verməyə çağırırıq".