Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında növbəti oyununu keçirib.
Sportnet.az məlumatına görə, Macarıstanda təşkil edilən C qrupunun sonuncu - beşinci turunda yığmanın rəqibi Rumıniya kollektivi olub.
Qarşılaşma Azərbaycan millisinin qələbəsi ilə yekunlaşıb - 3:0 (25-15, 25:14, 25:21)
Bununla da Covanni Kapraranın baş məşqçi olduğu komanda qrup mərhələsini 5 oyundan sonra 10 xalla 2-ci pillə başa vurub. Yığma 1/8 final mərhələsində A qrupunda 3-cü yeri tutan komanda ilə qarşılaşacaq. Bu, ya Finlandiya, ya da Bolqarıstan millisi olacaq. Rəqib, komandaların bu gün öz aralarında keçirdikləri görüşdən sonra bəlli olacaq.
Qeyd edək ki, qrup mərhələsində ilk 4 yerin sahibi 1/8 finala vəsiqə qazanır. Çempionatda ilk 7 yeri tutacaq yığmalar isə Avropa Olimpiya Təsnifat Turnirinə vəsiqə əldə edəcək. Bu yarışın qalibi Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq.