Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasına qatılmayacaq.
Sportnet.az Avropa Voleybol Konfederasiyasının (CEV) rəsmi saytına istinadən xəbər verir ki, yığmanın adı yarışın iştirakçıları siyahısından çıxarılıb.
Millini C qrupunda Bolqarıstan komandası əvəzləyib. Qrupda həmçinin Macarıstan, Ukrayna və Rumıniya seçmələri də yer alıb.
Azərbaycan Voleybol Federasiyasının Mətbuat Xidmətindən "Report"a CEV-in turnirin sistemində dəyişiklik etdiyi bildirilib: "Federasiya olaraq bunun səbəbini yaxın günlərdə ictimaiyyətə açıqlayacağıq".
Qeyd edək ki, daha əvvəl kişi voleybolçulardan ibarət Azərbaycan millisinin bu il keçiriləcək Gümüş Avropa Liqasında iştirak etməyəcəyi bəlli olub.