Yeniyetmələrdən ibarət stolüstü tennis üzrə kişi və qadınlardan ibarət Azərbaycan milli komandaları Serbiyanın paytaxtı Belqraddakı Avropa çempionatında növbəti mərhələyə vəsiqə qazanıblar.
Federasiyanın Mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, E qrupunda Sloveniyaya 3:1 hesabı ilə qalib gələn kişilərdən ibarət yığma Avstriyaya eyni hesabla uduzaraq qrupu ikinci pillədə başa vurub.
H qrupunda Yunanıstan seçməsinə 1:3 hesabı ilə uduzan qadınlardan ibarət milli isə Monteneqronu 3:0, İsveçi isə 3:1 hesabı ilə məğlub edərək qrupda ikinci yeri tutub. Hər iki yığma növbəti görüşlərini iyulun 8-də keçirəcək.
Avropa çempionatında məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə Arzu Aslanova, Aylin Əsgərova, Mərziyyə Nurmətova, Adil Əhmədzadə, Hüseyn Eylazov və Onur Quluzadə komanda turniri ilə yanaşı şəxsi, qoşa və qarışıq qoşa yarışlarında da bacarıqlarını göstərəcək. Turnir iyulun 16-da başa çatacaq.