Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında IV tura yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, turun son oyunu MOİK və “Xarı bülbül” komandaları arasında olub. Voleybol Mərkəzində keçirilən qarşılaşma Şuşa klubunun 25:21 hesablı üstünlüyü ilə başlasa da, ikinci hissədə Eldar Əliyevin baş məşqçi olduğu kollektiv 25:22 hesabı ilə qalib gəlib. Üçüncü və dördüncü setlərdə isə yenidən “Xarı bülbül” 25:18 və 25:21 hesabı ilə qələbə qazanıb - 3:1.
Beləliklə, II dövrənin ilk turundan sonra “Murov” 12 xalla turnir cədvəlində liderliyini davam etdirir. 9 xala malik “Xarı bülbül” ikinci, 6 xal olan “Neftçi” üçüncü yerdə qərarlaşıb. MOİK isə sonuncu pilləni tutur.
Qeyd edək ki, turun açılış matçında "Murov" "Neftçi"yə qalib gəlib - 3:1 (25:22, 25:22, 16:25, 25:21).