"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Krasnodar" Rusiya Premyer Liqasında növbəti oyununu keçirib. Sportnet.az-ın məluumatına görə, baş məşqçi Oleq Kononovun komandası VII tur çərçivəsində Moskvada "Lokomotiv"in qonağı olub.
Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. Hesabı 11-ci dəqiqədə Fyodor Smolov açıb. Lakin bundan 7 dəqiqə sonra "Qəbələ"nin sabiq futbolçusu İbrahima Niassenin qardaşı Baye Umar Niasse bərabərlik, 56-cı dəqiqədə Alan Kasayev isə qələbə topunu vurub. "Lokomotiv"in heyətindəki əslən azərbaycanlı futbolçu Aleksandr Səmədov 90 dəqiqə meydanda olub.
Bu, "Krasnodar"ın Premyer Liqada 2-ci məğlubiyyəti olub. Aktivində 2 qələbə, 3 heç-heçəsi də olan "ağ-yaşıllar" 7 oyundan 9 xalla 8-ci pillədə qərarlaşıblar. Xallarını 17-yə çatdıran "Lokomotiv" isə 2-ci pilləyə yüksəlib.
Qeyd edək ki, "Qəbələ" "Krasnodar"la ilk görüşünü oktyabrın 1-də səfərdə, təkrar qarşılaşmanı isə dekabrın 10-da Bakıda keçirəcək.