1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Xorvatiya millisi Bakıya iddialı gəldi - AÇIQLAMALAR
Sentyabrın 3-də Azərbaycan milli komandası ilə AVRO-2016-nın seçmə qrup matçında üz-üzə gələcək Xorvatiya yığması bir neçə saat öncə Bakıya gəlib. Sportnet.az-ın məlumatına görə, Zaqreb hava limanında komanda üzvləri yerli media nümayəndələrinə açıqlamalar veriblər.
Almaniya "Volfsburq"undan İtaliya "İnter"inə yenicə transfer olunmuş yarımmüdafiəçi İvan Perişiç daha çox diqqət mərkəzində olub. 26 yaşlı oyunçu Azərbaycan və Norveç milliləri ilə oyunların ardından birbaşa Milana uçacağını bildirib. Amma o, yeni klubuna qoşulmamışdan öncə qarşıdakı görüşlərdən 2 qələbə ilə ayrılmaq niyyətində olduğunu vurğulayıb. Perişiçin fikrincə, qələbə üçün ən rahat yol erkən qol vurmaqdır. Hərçənd, təcrübəli futbolçu Bakıdakı isti hava şəraitinin komandasına problem yaradacağı qənaətindədir: "DÇ-2014-də Braziliyanın Manaus şəhərində Kamerunu yendiyimiz oyun zamanı da oxşar iqlim şəraiti var idi. Lakin o zaman uyğunlaşmaq üçün vaxtımız çox olmuşdu. Bakıda isə belə imkan olmayacaq. Amma mən optimistəm".
Onun nikbinliyini komanda yoldaşları da bölüşüblər. İspaniya "Real Madrid"ində çıxış edən Luka Modriç bildirib ki, Bakıdakı qarşılaşma Osiyekdə 6:0 hesabı ilə qalib gəldikləri oyun kimi asan keçməyəcək: "Amma biz seçmə tsikldəki oyun səviyyəmizi ortaya qoysaq, məqsədimizə nail olacağıq. Bizə ən azı qrup ikincisi kimi mərhələ adlamaq üçün Azərbaycan və Norveçlə səfər oyunlarında 4 xal da kifayət edir. Amma gəlin, ilk oyunumuzdan danışaq. Rəqibin baş məşqçi skamyasında Berti Foqts yox, millimizin sabiq futbolçusu və Xorvatiya futboluna, bizim imkanlarımıza yaxşı bələd olan Robert Prosineçki oturacaq. Prosineçki bizi gözəl tanısa da, bu, şansların onun tərəfində olması anlamına da gəlməməlidir. Azərbaycan millisi onun rəhbərliyi altında son 2 görüşdə yaxşı nəticəyə imza atıb, əvvəlkindən yaxşı çıxış edir. Amma düşünmürəm ki, bu, vacib rol oynayır".
"Real Madrid"in əzəli rəqibi "Barselona"da çıxış edən İvan Rakitiç də oyunun asan keçməyəcəyini, amma real olmalarının gərəkliyini söyləyib: "Azərbaycan millisinin səviyyəsi Prosineçkinin gəlişindən sonra artıb. Lakin biz ilk növbədə, keyfiyyət və imkanlarımıza inanmalıyıq. Asan olmayacaq, ama real olmalıyıq. Başqa nəticəni düşünmək inanılmaz olardı".
Xorvatiyalı azarkeşlərin Bakıda komandanı dəstəkləyə bilməyəcəklərinə təəssüflənən Rakitiç bu problemin tezliklə qarşılıqlı maraqlar çərçivəsində həll olunacağına inam ifadə edib.
Qeyd edək ki, "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Xorvatiya matçı saat 21:00-da başlanacaq. 6 turdan sonra Xorvatiya millisi H qrupunda 14 xalla liderdir. İtaliya 12 xalla 2-ci, Norveç isə 10 xalla 3-cüdür. Bolqarıstandan 4 xal geri qalan millimiz elə 4 xalla 5-ci pillədə qərarlaşıb. Sonuncu pillədəki Maltanın isə cəmi 1 xalı var. 10 turun yekununda ilk 2 pillənin sahibləri final mərhələsinə birbaşa vəsiqə qazanacaqlar.