
Qazaxıstan və Qırğızıstan 2027-ci ildə IV MDB Oyunlarını keçirməkdən imtina ediblər.
Sportnet.az TASS-a istinadən xəbər verir ki, bu barədə Gəncədə keçirilən MDB ölkələrinin Bədən Tərbiyəsi və İdman Şurasının toplantısında açıqlama verilib.
Toplantının gündəliyindəki əsas bənd növbəti Oyunların təşkili üçün təklifin irəli sürülməsindən ibarət olub.
MDB İcraiyyə Komitəsi bu məqsədlə Qazaxıstan və Qırğızıstana sorğu göndərib.
Lakin bu ölkələrin toplantıda iştirak edən nümayəndələri 2027-ci ildə belə bir yarış keçirməyə imkanlarının olmadığını açıqlayıblar.
Qazaxıstan nəzərdə tutulan tarixdən bir il əvvəl irimiqyaslı idman tədbirlərinə, o cümlədən "Gələcəyin Oyunları"na ev sahibliyi edəcəyini bildirib. Bu ölkə gələcəkdə MDB Oyunları keçirmə məsələsinə baxmağa hazır olduğunu bəyan edib.
Qırğızıstan nümayəndəsi isə bildirib ki, maliyyə səbəblərindən 2027-ci ildə MDB Oyunları keçirə bilmir.
Ümumdünya Köçəri Oyunları və digər irimiqyaslı yarışlar 2026-cı ildə respublika və yerli büdcələrə ciddi yük olacaq. Eyni zamanda Qırğızıstanda ayrı-ayrı növlər üzrə beynəlxalq standartlara uyğun idman obyektləri ya çatışmır, ya da tikinti mərhələsindədir. 2028-ci il Los Anceles Yay Olimpiya Oyunları ilə əlaqədar ölkənin bütün idmançıları lisenziya yarışlarında iştirak edəcəklər ki, bu da müəyyən xərclərə gətirib çıxaracaq. Beləliklə, Qırğızıstan MDB Oyunlarını lazımi səviyyədə təşkil edə bilməyəcək.
Qazaxıstan və Qırğızıstanın imtinasından sonra MDB Şurası digər ölkələrə, o cümlədən əvvəllər bu Oyunları keçirmiş ölkələrə təklif ünvanlayıb.
Qeyd edək ki, IV MDB Oyunları Azərbaycanın 7 şəhərində keçirilir. Oyunlar oktyabrın 8-dək davam edəcək. İdmançılar 505 dəst medal uğrunda mübarizə aparacaqlar.