
Gəncə Stadionunda III MDB Oyunlarının açılış mərasimi keçirilib.
Sportnet.az-ın məlumatına görə, təntənəli mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iştirak edib.
Əvvəlcə Azərbaycanın Dövlət Himni ifa olunub. Ardından iştirakçı ölkələr yarış məkanına dəvət olunub.
Ümumilikdə 13 iştirakçı ölkədən Pakistan, Türkiyə və Azərbaycan idmançıları gur alqışlarla qarşılanıblar.
Azərbaycanın bayraqdarı Asiman Qurbanlı və Həsənzadə olub.
Oyunların Təşkilat Komitəsinin sədri, baş nazirin müavini Samir Şərifov bütün iştirakçıları salamlayıb. O, yarışlarda 2400 idmançının iştirak edəcəyini bildirib. Şərifov Oyunların dostluq şəraitində keçəcəyinə əminlik ifadə edib.
Hökumət rəsmisi Azərbaycanın indiyədək bir çox nüfuzlu yarışlara ev sahibliyi etdiyini və yüksək səviyyədə təşkilatçılıq etdiyini vurğulayıb: "Oyunların Bakıdan kənarda keçirilməsi bölgələrdə də inkişafdan, yüksək infrastrukturdan xəbər verir. MDB Oyunlarında bütün iştirakçı idmançılara uğurlar arzulayıram. Bu Oyunlər bir ürəkdə qələbə işığı yandıracaq".
MDB Baş katibinin müavini Rusan Saytimov Baş katib Sergey Lebedev adından müraciət səsləndirib. Lebedev bu Oyunların yarışdan da böyük tədbir olduğunu diqqətə çatdırıb. O, bütün idmançılara uğurlar arzulayıb.
Çövkən üzrə milli komandanın kapitanı, dünya və Avropa çempionu Elçin Camallı idmançılar, Əsgərxan Novruzov məşqçilər, Ləman Cəbrayılova hakimlər adından adından and içib.
Prezident İlham Əliyev III MDB Oyunlarını açıq elan edib.
Azərbaycan mahnısının sədaları altında MDB-nin bayrağı qaldırılıb.
Daha sonra tədbir Azərbaycanın tarixi ənənələrini, mədəniyyətini əks etdirən bədii hissə ilə davam etdirilib.