İspaniya "Barselona"sının futbolçusu Lamin Yamal Lionel Messi və Kriştianu Ronaldunun nailiyyətini geridə qoyub.
Sportnet.az-ın "Sportskeeda"ya istinadən məlumatına görə, hücumçu fevralın 28-də İspaniya La Liqasının "Vilyarreal"la XXVI tur matçında karyerasının ilk het-trikini gerçəkləşdirib.
"Barsa"nın 4:1 hesablı qələbə qazandığı oyunda Yamal 18 yaş 7 ay 15 günlüyündə 3 qol vurub.
Bunadək Messi ilk het-trikini 19 yaş 8 ay 14 günlüyündə – 2007-ci ildə “El-Klasiko”da "Real Madrid"ə qarşı oyunda etmişdi.
Ronaldu isə ilk üçqolluq performansını 22 yaş 11 ay 7 günlüyündə - 2008-ci ildə İngiltərə "Mançester Yunayted"inin heyətində "Nyukasl" ilə qarşılaşmada göstərib.
Beləliklə, Yamal dünya futbolunun iki əfsanəsini yaş göstəricisinə görə geridə qoyub.
Xatırladaq ki, Lamin Yamal “Barselona” forması ilə indiyədək 140 oyuna çıxıb, 43 qol və 48 məhsuldar ötürmə ilə yadda qalıb.
Transfermarkt portalı onun transfer dəyərini 200 milyon avro olaraq qiymətləndirir.









































































