"Qarabağ" ənənəvi taktiki düzülüşündə dəyişiklik edə bilər.
Sportnet.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov açıqlama verib.
Ağdam təmsilçisi İngiltərə "Nyukasl"ı ilə Çempionlar Liqasının pley-off mərhələsinin ilk görüşünün ikinci hissəsində və cavab görüşündə 4-3-3 yox, 5-3-2 taktiki sistemindən yararlanıb. Qurbanov bildirib ki, hər bir sistemi dəyişmək üçün ona uyğun oyunçuları əldə edərək, saylarını çoxaltmaq lazımdır: "Bugünkü uğurlarımızı illərdir bu oyun və 4-3-3 sistemimizlə etmişik. Ona uyğun da oyunçular dəvət edirik. Amma görsək ki, qarşıdakı avrokubok oyunları bizə daha çətin olur, bəlkə hansısa addım ata, sistemdə dəyişiklik edərik".
Bununla yanaşı, baş məşqçi qarşıya qoyulan başlıca məqsədin öz oyun sistemlərini qorumaq və daha da yaxşılaşdırmaqdan ibarət olduğunu vurğulayıb: "Əlbəttə, hər komandanın öz oyun sistemi və meydançada düzülüşü var. Qarşımızda qoyulan birinci məqsədimiz öz oyun sistemimizi qorumaq və daha da yaxşılaşdırmaqdır. Amma bəzən qarşımızda elə rəqib olur ki, həm topla yaxşı davranır, həm fiziki-taktiki gücdə olur. Belə komandalara qarşı hansısa dəyişikliklərə əl atmalı oluruq. Buna görə - elə o boşluqları doldurmaq üçün həm Bakıda, həm də burada 5-li müdafiəni seçdik. Çünki orta sahə oyunçuları istər-istəməz önə daha meylli olurlar. Onların arxalarında daha çox oyunçu olmasından ötrü belə bir qərar vermişdik. Məqsədimiz yenə də öz oyun sistemimizi və düzülüşümüzü qoruyub saxlamaq, onu daha da inkişaf etdirməkdir. Çünki hər bir sistemi dəyişmək üçün gərək ona uyğun oyunçuları əldə edərək, saylarını çoxaldasan".
Qeyd edək ki, "Qarabağ" "Nyukasl"la görüşün ilk yarısında 0:5 hesabı ilə geridə olduğu vaxt 3-5-2 taktiki sxeminə keçib. Nəticədə Azərbaycan komandası ikinci hissədə qol vurub və qapısından cəmi 1 top buraxıb. Cavab görüşündə isə Ağdam komandası minimal fərqlə uduzub - 2:3.













































































