"Karvan-Yevlax"ın baş məşqçisi Füzuli Məmmədov səfərdə "Qəbələ" ilə 1:1 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXII tur matçından sonra mətbuat konfransı keçirib.
Sportnet.az-ın məlumatına görə, 49 yaşlı mütəxəssis əvvəlcə oyunu dəyərləndirib:
- Çox çətin oyun oldu. Ciddi hazırlaşmışdıq, qalib gəlmək istəyirdik. Meydança bir az sürüşkən idi deyə, bizə çətinlik yaradırdı. Futbolçular yaxşı vuruşdular. Bizə 1 xal da önəmli idi. Komandamız üçün istənilən xal vacibdir. Uda da, uduza da bilərdik. Hər iki komandaya qarşıdakı matçda uğurlar arzulayıram.
- "Karvan-Yevlax" ən yaxın izləyicisi "Qəbələ"yə uduzmasa da, arada 9 xallıq fərq var. Sizcə, bunun səbəbi nədir?
- Səbəbi zəif oyunlarımızdır - qələbə qazanmamışıq. Mən gələndən sonra bəzi matçlarda yaxşı oynasaq da, məğlub olmuşuq, müdafiədə səhvlər buraxmışıq. İnanın ki, səhvləri aradan qaldırmaq üçün çox çalışır, rəqibləri təhlil edirik. Qarşıda matçlar var, çempionat bitməyib. Sona qədər mübarizə aparacağıq. Bilirəm ki, çətin olacaq. Amma məcburuq.
- Futbolçularınız çox vaxt aparırdı. Tapşırığı siz vermişdiniz?
- Xeyr. İnanmıram ki, hansısa baş məşqçi futbolçusuna "yerdə uzan, vaxt apar" tapşırığını versin. Elə şey yox idi. Futbolçudur da, hansısa epizodda güc sərf edir deyə, bərpa olunmaq üçün belə şeylər edirlər. Amma baş məşqçi bu cür şey deməz.












































































