Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının üzvü Palina Kasperoviç Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Dünya Kubokunun mərhələ yarışında bürünc medal qazanıb.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, qrup mərhələsini 5 qələbə ilə başa vuran Kasperoviç qadın sablyaçıların şəxsi yarışında yarımfinala kimi irəliləməklə bürünc medalı təmin edib.
O, pley-offda Özbəkistan təmsilçisi Samira Şokirova (15:6), Venesuela sablyaçısı Katerina Paredes Torres (15:11), ukraynalı Alina Komaşçuk (15:14) və ispaniyalı Araceli Navarronu (15:13) məğlub edərək ən güclü "8-liy"ə yüksəlib.
Kasperoviç yarımfinala vəsiqə uğurunda qarşılaşmada neytral bayraq altında çıxış edən Anastasiya Şorokovanı 15:10 hesabı ilə üstələyərək mübarizəni yarımfinalda davam etdirib. Azərbaycan təmsilçisi final uğrunda görüşdə Bolqarıstan qılıncoynadanı Yoana İliyevaya 6:15 hesabı ilə uduzub.
Uzunmüddətli zədədən sonra ilk dəfə beynəlxalq turnirdə yarışan Anna Başta əsas mərhələdə mübarizəni dayandırıb.
Səbinə Kərimova və Zərifə Hüseynova isə keçid pley-off mərhələsində çıxışını başa vurub.
Azərbaycan millisi martın 29-da komanda yarışında ən güclü "8-lik" uğrunda qarşılaşmada ABŞ yığması ilə qarşılaşacaq.















































































