AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında XXVIII turun “Zirə” – “Neftçi” oyununda baş vermiş olaylarla əlaqədar tədbirlər görüb.
Sportnet.az-ın məlumatına görə, “Zirə” 5 üzvünün sarı vərəqə alması səbəbindən 700 manat cərimə edilib.
90+6-cı dəqiqədə komandanın məşqçisi Ağabala Ramazanov texniki zona qaydalarını pozduğuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzaya, klubu 2 000 manat cəriməyə məruz qalıb.
Oyun bitdikdən sonra stadion ərazisində hakimə məxsus avtomobilə zərər vurulduğuna və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Zirə” 3 000 manat cərimə edilib. Klub dəymiş zərəri də qarşılamalıdır.
“Neftçi” 5 üzvü sarı vərəqə aldığı üçün 700 manat cərimə edilib.
90+8-ci dəqiqədə baş məşqçi Yuri Vernidub hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzaya, klubu 5 000 manat cəriməyə məruz qalıb.
Oyunu bitdikdən sonra məşqçi Dmitro Kara Mustafa hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün növbəti oyuna buraxılmayacaq, “Neftçi” isə 5 000 manat ödəyəcək.
90+5-ci dəqiqədə futbolçu Breno Almeyda birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyuna buraxılmayacaq, “Neftçi” 3 000 manat cərimələnib.
Oyun zamanı “Neftçi” azarkeşləri hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirdiyinə və bu hal cari mövsümdə 7-ci dəfə təkrarlandığına görə klub 8 000 manat cərimələnib.
“Neftçi” azarkeşləri meydançaya kənar əşyalar atdığına və bu hal cari mövsümdə 5-ci dəfə təkrarlandığına görə klub 4 500 manat cərimə edilib.
Beləliklə, "Zirə" 5 700 manat, "Neftçi" isə 26 200 manat cərimələnib.
Qeyd edək ki, oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. "Neftçi" növbəti oyununu aprelin 26-da evdə "Qarabağ"a, "Zirə" isə aprelin 27-də səfərdə "Turan Tovuz"a qarşı keçirəcək.