Ötən həftənin hakim qalmaqalları təkcə UEFA Çempionlar Liqasının matçlarında yaşanmadı. Oxşar mübahisəli qərarlar Azərbaycan Premyer Liqasında da, özümün Gürcüstanın paytaxtı Tbilisidə canlı şahidi olub işıqlandırdığım cüdo üzrə Avropa çempionatında da eyni xətt üzrə davam etdi. Fərqli arenalar, amma eyni mexanizm: fit meydandadır, qərar isə monitor arxasında verilir — və getdikcə bu mexanizm “VAR”dan çox “VUR” effekti yaradır.
Avropa çempionatında Balabəy Ağayevin Giorgi Sardalashvili ilə yarımfinal, Hidayət Heydərovun Laşa Şavdatuaşvili ilə final görüşü və son olaraq, Zelim Kotsoyevin guya qadağan olunmuş fənddən istifadə etməsi bəhanəsi ilə uduzdurulduğu qarşılaşma bu reallığı daha sərt şəkildə üzə çıxardı. Ağayevin görüşünü idarə etmiş italiyalı xanım referi ilə yarış zalının kənarında təsadüfən baş tutan söhbətdə onun dediyi fikir sistemi ifşa edirdi: tatamidə verilən qərarların böyük hissəsi artıq monitor arxasında formalaşdırılır. Sifariş isə vahid mərkəzdən gəlir.
Bu, artıq yardımçı texnologiya deyil. Bu, oyunun taleyini yönləndirən mexanizmdir.
Eyni mənzərə ertəsi gün "Zirə" – "Neftçi" oyununda daha açıq formada göründü. Ofsayddan vurulan qolun qeydə alınması təkcə mübahisəli epizod deyil, nəticəni dəyişdirən qərar idi. "Neftçi" üçün bu, yalnız iki xal itkisi deyil, avrokubok zonasına aparan yolun kənardan dəyişdirilməsi demək idi.
Burada artıq futbol dilində yeni termin yaranır: “VAR sistemi” yox, “VUR sistemi”. Çünki qərarlar oyunu izah etmək üçün yox, oyuna təsir etmək üçün istifadə olunmuş kimi görünür.
"Zirə" bu mənzərədə “Seyidəhməd rolunda” görünür — sistemin içində olan, amma nəticəni formalaşdıran yox, nəticənin üzərində alət kimi istifadə olunan tərəf. "Neftçi" isə bu sistemin birbaşa zərbə aldığı komanda kimi qalır — yəni “Seyidəhməd əli ilə tutulan” tərəf.
Bu epizodlar tək deyil. Daha əvvəl Əliyar Ağayev cəza səbəbindən oyunlara təyinat almamışdı — "Zirə"nin "Turan Tovuz"a qarşı Azərbaycan Kuboku matçından sonra. Eyni xətt Nicat İsmayıllı üçün də keçərlidir — o da "Zirə" – "Neftçi" oyunundan sonra sistemin içində “qurban”a çevrildi.
Avropa Cüdo Birliyi hələ də susur, AFFA Hakimlər Komitəsi isə səhvi etiraf etsə də, məsuliyyəti bölür. Rəhim Həsənovun açıqlaması isə bir həqiqəti təsdiqləyir: qərar artıq meydanda yox, monitor arxasında verilir.
Amma əsas sual dəyişmir: qərarı monitor arxası verirsə, niyə nəticənin yükü meydandakı hakimin üzərinə düşür?
AFFA sistemində formalaşan reallıq budur: VAR ədaləti qorumaq üçün deyil, çox vaxt oyunun axarını dəyişən “VUR mexanizmi” kimi işləyir.
Nəticə isə sərtdir: fit meydandadır, amma oyunu artıq çox vaxt monitor arxasından oturanlar idarə edir — və bu sistemdə “Zirə” Seyidəhməd rolunda qalır, “Neftçi” isə VUR sisteminin ən çox hiss edən tərəfi olur.
Elşən MƏMMƏDOV

















































































