Polşanın Katovitse şəhərində şahmat üzrə şəxsi Avropa çempionatında X turun partiyaları oynanılıb.
Sportnet.az xəbər verir ki, hesabat turunda qitə çempionatının liderləri arasındakı partiyada qalib olmayıb.
Azərbaycan təmsilçilərindən Nicat Abasovla ispaniyalı David Guijarro heç-heçə oynayıb.
Aydın Süleymanlı qara fiqurlarla litvalı Valeri Kazakouskini üstələyib. Son ölkə çempionu Məhəmməd Muradlı isə ağ fiqurlarla Latviya şahmatçısı Nikita Meşkovsa qalib gəlib.
10 turdan sonra turnir cədvəlində ilk beşlikdə Azərbaycanın 3 şahmatçısı qərarlaşıb və hər birinin çempionluq şansı var. Hərəyə 8 xal toplayan Nicat Abasovla Aydın Süleymanlı 1-2-ci yerləri bölüşür. Eyni xala malik Məhəmməd Muradlı əlavə göstəricilərə görə 5-ci pilləni tutur.
Bu gün keçiriləcək Avropa çempionatının son turunda Aydın Süleymanlı ağ fiqurlarla Məhəmməd Muradlıya qarşı mübarizə aparacaq. Nicat Abasov isə Rumıniya şahmatçısı Daniel Boqdanla üz-üzə gələcək.















































































