Azərbaycanın son 3 cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında mübarizəyə qatılıb.
Sportnet.az-ın məlumatına görə, ilk olaraq tatamiyə olimpiya, dünya və Avropa çempionu Zelim Kotsoyev çıxıb.
100 kq çəki dərəcəsində 1/16 final mərhələsində rəqib şimali makedoniyalı Nikola Pavlovski olub.
Rəqibinə qalib gələn Kotsoyev növbəti mərhələyə yüksəlib. 28 yaşlı idmançı 1/8 finalda ukraynalı Yaroslav Davidçukla qarşılaşıb. Qızıl xal bölümündə ipponla qələbə qazanan Azərbaycan təmsilçisi daha bir mərhələ adlayıb. Onun rəqibi macarıstanlı Jombor Veq olub.
Bu görüşdən də qalib ayrılan Kotsoyev yarımfinala yüksəlib. Finala gedən yolda o, Niderland təmsilçisi Simeon Katarina ilə qarşılaşıb.
Hakimlər görüşün gedişində onun istifadə etdiyi fəndi qadağan edilmiş sayılıb və məğlub elan olunub. O, birbaşa hansoku-make aldığı üçün gürcüstanlı İlia Sulamanidzeyə qarşı bürünc medal görüşünə də buraxılmayacaq.
100 kq-dan yuxarı çəkidə yer alan Kənan Nəsibov isə 1/8 finala təsadüf edən ilk görüşündə Almaniya təmsilçisi Erik Abramova uduzaraq, mübarizəni dayandırıb.
Qadın cüdoçu Madina Kaisinova da yarışla erkən vidalaşmalı olub. 78 kq-dan yuxarı çəkidə yer alan Kaisinova 1/16 finalda Elis Startsevaya uduzub. Beləliklə, Azərbaycanın 6 qadın cüdoçusundan heç biri medal qazana bilməyib.
Beləliklə, Azərbaycan millisi Avropa çempionatını 4 medalla başa vurub. Daha əvvəl Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq), Turan Bayramov (66 kq) və Zelim Tçkayev (81 kq) bürünc medal alıb.



















































































