
Azərbaycan Premyer Liqasının 34-cü turu bürünc medal uğrunda mübarizədə vəziyyəti dəyişdirib. Sportnet.az-ın məlumatına görə, 3-cü pilləni bu dəfə "İnter” ələ keçirib.
Buna da səbəb "Kəpəz”in "Neftçi”yə uduzması olub. Gəncə təmsilçisi ev oyununda hesabı açan tərəf olsa da, sonda meydanı məğlub tərk edib - 1:2. Bu şansdan 4-cü pillədə olan "Qəbələ” istifadə edə bilərdi ki, Roman Qriqorçukun komandası da uduzub. Bu, "Qarabağ”la səfər matçında 2:0 hesabı ilə reallaşıb. "Kəpəz”lə "Qəbələ”nin büdrəməsindən”İnter” maksimum istifadə edib. "Bankirlər” evdə autsayder "Xəzər Lənkəran”ı növbəti məğlubiyyətlə (1:2) barışdırıb. Beləliklə, indi artıq hər şey Zaur Svanadzenin komandasının öz əlindədir və qalan 2 oyunda qalib gələrsə, bürünc medalçı olacaq.
Əslində, "İnter”İn gümüş medala da nəzəri şansı qalıb. Ancaq "Zirə” ilə tura 5 xallıq fərqi aradan qaldırmaq çox çətindir. Adil Şükürovun yetirmələrinə Premyer Liqada debüt mövsümündə mükafatçı olmaq üçün 1 qələbə, yaxud "İnter”in xal itirməsi kifayətdir.
Avropa Liqasına çıxması bu tur rəsmiləşən "Qəbələ”nin gümüş medal şansını da elə bu tur itirsə, "Kəpəz”də bu, qalıb. Çünki 2 tura 6 xallıq fərqi aradan qaldırmaq mümkündür. Üstəlik, Gəncə təmsilçisin "Zirə” ilə şəxsi oyunu qalıb və bu, növbəti turda səfərdə olacaq. Bu komandalar arasında keçirilən 3 oyundan 2-də heç-heçə, 1-də "Kəpəz”in qələbəsi qeydə alınıb. Deməli, Şahin Diniyevin yetirmələri "Zirə”ni yenərsə, şəxsi oyunarda üstün olacaq ki, bu xallar bərabər olanda ilk olaraq nəzərə alınır.
"Zirə”dən söz düşmüşkən, komandanın nigeriyalı yarımmüdafiəçisi Viktor İqbekoyi yenə AZAL-a "badalaq vurub”. Məsələ ondadır ki, 30 yaşlı legioner uzun illər şərəfini qoruduğu "təyyarəçilər”lə matçda 2-ci dəfədir onu məyus edir. Premyer Liada debütü məhz AZAL-la qarşı olan "Zirə" məhz İqbekoyinin qoluyla qalib gəlmişdi – 1:0. Yəni Viktor hazırkı komandasının yüksək liqada ilk qolunu AZAL-a vurub. Bu dəfə isə İkbekoyi keçmiş komandasını son dəqiqələrdə vacib qələbədən məhrum etdi. Nəticədə "Neftçi” artıq AZAL-a çatıb və "təyyarəçilər” yalnız şəxsi oyunlara görə rəqibindən öndədir.