AVRO-2016-nın bombardiri Fransa yığmasının hücumçusu Antuan Qrizmann olub. Sportnet.az-ın məlumatına görə, "Atletiko Madrid"in futbolçusu ilk dəfə iştirakçısı olduğu final mərhələsində vurduğu 6 qolla ən sərrast oyunçu adına sahib çıxıb.
Bu, Avropa çempionluğunu finalda Portuqaliyaya məğlubiyyət nəticəsində əldən verən Qrizmann üçün təsəlli olub. Qrupda son turdan başlayaraq ardıcıl 4 oyunda meydanı qolsuz tırk etməyən Qrizmann finalda fərqlənə bilməyib və nəticədə yığması uduzub.
İki məhsuldar ötürmə müəllifi də olan Antuan turnirdə İrlandiya və Almaniya ilə oyunlarda dubl edib, Albaniya ilə İslandiya yığmalarının hərəsinə bir qol vurub. O, pley-offda 5 qol vurmaqla rekord edib.
Bombardirlər yarışında Qrizmannın ən yaxın izləyiciləri ondan 2 dəfə az qol vurublar. Bunlar millidə komanda yoldaşları Olivye Jiru ilə Dimitri Payet, Portuqaliyadan Kriştianu Ronaldu ilə Nani, Uelsdən Qaret Beyl, İspaniyadan Alvaro Moratadır.
Xatırladaq ki, Qrizmann bu il 2-ci dəfə finalda məğlubiyyət acıcı yaşayıb. Əvvəlki Çempionlar Liqasının finalında "Real Madrid"ə məğlubiyyət idi. Ronaldunun bu klubda oynadığını nəzərə alsaq, Qrizmann yenə ona həlledici matçda uduzub.