Mehman SÜLEYMANOV
Martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Ancaq həmin tarixin idman mətbuatında da xüsusi yeri var. Axı Azərbaycanda ilk idman agentliyi olan "Apasport"un yaranması bu günə təsadüf edir. Bəli, Apasport.az saytının rəsmən fəaliyyətə başlamasından artıq 10 il ötür. Deməli, bu gün böyük yubileydir.
"APA Sport" Azərbaycanın ilk və yeganə idman agentliyi kimi, 2007-ci ildən oxucularla görüşə gəlib.
İlk ilindəcə Gənclər və İdman Nazirliyi tərəfindən ölkənin ən yaxşı idman agentliyi seçilib. Hazırda Azərbaycan və dünya idmanının bütün sahələrini əhatə edən xəbərlər yayır, idman ictimaiyyətinin aparıcı simalarından müsahibələr hazırlayır, müxtəlif sahələrdəki problemlərlə bağlı araşdırmalar aparır. Saytda böyük turnirlərdən və maraqlı tədbirlərdən yazılar, birbaşa reportajlar, video görüntülər və fotosessiyalarla tanış olmaq mümkündür.
Təbii ki, Sportnet.az saytı bu tarixi günü diqqətdən kənarda qoymayaraq, Apasport.az-da çalışan həmkarlarımızı ürəkdən təbrik edir, kollektivə daha böyük yaradıcılıq uğurları arzulayır. "Apasport"un ad günü bizim saytın yükünü çiyinlərində daşıyan, redaktoru olan bəndənizinizlə saytın rəhbəri, baş redaktoru Elşən Məmmədov üçün də xüsusi bir gündür. Axı yubilyar saytının ilk heyətində ikimiz də yer almışıq. Onun yaradıcılarından olduğundan bizim üçün əlamətdar gün sayılır.
İxtiyar Əsgərovun bu 10 ildə rəhbəri olduğu "Apasport" komandasının ilk heyətində Mehman Süleymanov, Elşən Məmmədovla yanaşı, Kənan Həsənov və Aqşin Əliyev yer alıb. APA-nın təsisçisi, "APA Holdinq"in baş direktoru Vüsalə Mahirqızının təşəbbüsü, maddi və mənəvi dəstəyi sayəsində yaranan "Apasport" ilk gündən liderlik iddiasını ortaya qoydu, bunu zaman keçdikcə əməldə də göstərdi. Hər biri işi quranda təməlin möhkəm olması əsas şərtdir ki, "APA Sport"da bu baxımdan problem olmadı. Azərbaycanda idman sahəsində internet mediasının tarixi həmin vaxtdan başladı və "Apasport"çular çığıraçan oldular.
Apasport.az-ın uğurlarında bu 10 ildə çalışmış hər bir əməkdaşının özünəməxsus payı var. Əvvəla, onu qeyd edim ki, indiki komandada olan Vüqar Xeyrullayev 2008-ci ilin yanvarından, Tahir Hümmətov 2010-cu ilin aprelindən, Tengiz Məmmədovla Ruslan Sadıqov 2014-cü ilin dekabrında bu sayta bağlıdırlar. Nemət Müttəlimov isə ilk gündən bu günədək rus dili tərcüməçisi kimi çalışır. Bundan əlavə, Səbuhi Musayev, Şamo Quliyev, Elsever Məmmədov "Apasport"da işləyiblər. Saytın gecə növbətçisi olan Zaur Xudiyevədək bu işi İsmayıl Nəsibli, Elmar Vəliyev, Səlim Əzizoğlu da görüb.
10 il öncə internet mediasında idman üzrə böyük boşluq vardı və sonradan sayta çevrilən idman agentliyinin yaranmasına böyük ehtiyac, zərurət vardı. APA-nın rəhbərliyi bunu vaxtında həyata keçirərək zamanın nəbzini tuta bildiklərini nümayiş etdirdilər. APA-nın ilk törəmə müəssələrindən olan "APA Sport" ona verilən şansdan maksimum istifadə edərək etimadı doğrultdu....
...Sanki hər şey dünən baş vermişdi, bu gün isə artıq 10 ilin keçməsindən danışırıq. Arzu edirik ki, 1-in arxasında olan sıfır tək olmasın, ən azı 2 dənə olsun. Bizlər həmin vaxtda həyatda olmasaq da, "Apasport"un 100 illik yubiley qeyd olunsun, Azərbaycan idman mətbuatının, internet mediasının tarixini araşdıranlar bu saytın xüsusi çəkisindən, bu işdə əməyi olanlardan bəhs etsinlər.
Yubileyiniz mübarək, "Apasport"çular!