1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycan klubundan “ikiqat zərbə”
Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku" Xorvatiyada təşkil edilən 2.1 kateqoriyalı "Tour of Croatia" yürüşündə uğurlu çıxışını davam etdirir. Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, təmsilçimiz bu gün keçirilən 4-cü mərhələdə kifayət qədər inamla yarışıb.
122 km-dən ibarət bu mərhələdə komandamızın üzvü Matiya Kvasina 3 saat, 17 dəqiqə, 32 saniyə nəticə göstərərək finişi 2-ci keçib. Bu isə velosipedçimizə birdən-birə 38 pillə irəliləməklə ümumi təsnifatda 1-ci yerə yüksəlməyə imkan verib. Bununla da yarış liderinin maykasını ələ keçirən Matiya Kvasina hazırda ən yaxın izləyicisi, ABŞ-ın "Trek Sagefredo" Dünya Turu komandasının üzvü Rikardo Zoydlu 19 saniyə qabaqlayır. "Synergy Baku”nun digər üzvlərinə gəlincə, Kiril Pozdnyakov mərhələni 12-ci yerdə bitirməklə ümumi təsnifatda 60-cı pillədən 12-ci yerə qalxıb, ölkəmizi Rio-2016 Yay Olimpiya Oyunlarında təmsil edəcək Elit yığma komandamızın üzvü Maksim Averin isə 19-cu yerini qoruyub.
4-cü mərhələ həmçinin komandamızın vaxt göstəricisinə görə liderliyi yenidən ələ keçirməsi ilə yadda qalıb. İlk 2 mərhələdə hamını qabaqlayan, yalnız 3-cü mərhələdə Rusiyanın "Gazprom-Rusvelo” peşəkar kontinental komandasını özündən irəli buraxan "Synergy Baku” 4-cü mərhələdən sonra yenə ilk pilləyə qalxıb. Komandamızın ən yaxın izləyicisi, Sloveniyanın "Adria Mobil” kollektivi təmsilçimizə 3 dəqiqə, 6 saniyə uduzur.
Sabah keçiriləcək 5-ci mərhələdə iştirakçı kollektivlər 40 km məsafəyə komanda ötüşməsində mübarizə aparacaqlar. Xatırladaq ki, 6 günlük yarışda Qazaxıstanın "Astana", Cənubi Afrika Respublikasının "Dimension Data", İsveçrənin "İAM Cycling", Rusiyanın "Tinkoff" və ABŞ-ın "Trek Sagefredo" kimi Dünya Turu komandaları, həmçinin 7 peşəkar kontinental və 9 kontinental komanda çıxış edir.
İştirakçılar arasında "Dimension Data" klubunun şərəfini qoruyan dünyanın ən sürətli velosipedçilərindən biri, 2011-ci ilin dünya çempionu və həmin il "Tour de France" yarışının ən yaxşı sprinteri adına layıq görülən britaniyalı Mark Kevendiş də var.