İAzərbaycanın şosse velosipedi üzrə yığma komandası və Sloveniyanın "BTC City Ljubljana" klubunun üzvü Yelena Pavluxina Çexiyada keçirilən və 5 mərhələdən ibarət oan "Gracia Orlova" turunu qələbə ilə başa vurub. Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, yarışın 2-ci mərhələsində hamını qabaqlamaqla ümumi təsnifatda lider köynəyini ələ keçirən velosipedçimiz bu üstünlüyünü sonadək qoruyub.
İdmançımız Hollandiyanın nüfuzlu "Rabobank" klubunun avstraliyalı üzvü Sara Gillounu 1 dəqiqə, 45 saniyə, Almaniyanın "Canyon Sram Racing" komandasının belaruslu nümayəndəsi, Bakı-2015 ilk Avropa Oyunlarının qalibi Alyona Amalisyuku isə 1 dəqiqə, 50 saniyə qabaqlayıb.
Bu qələbə Yelena Pavluxinaya Rio-2016 Yay Olimpiya Oyunlarına vəsiqə yolunda növbəli lisenziya xalları da qazandırıb. Təmsilçimiz 2-ci mərhələnin qalibi olmaqla 8, ümumi təsnifat birinciliyinə görə isə əlavə 40 reytinq xalı əldə edib.