22 iyul - Milli Mətbuat Günü münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyası növbəti "Media Kuboku" yarışı keçirib. Sportnet.az-ın məlumatına görə, ənənəvi turnirdə mətbuat sahəsində çalışan 30-a yaxın əməkdaş iştirak edib.
Reqlamentə əsasən, iştirakçılar əvvəlcə təsnifat mərhələsində yarışıblar və bundan sonra yarımfinala vəsiqə qazanan 12 velosipedçi müəyyənləşib. Bu mərhələdə onlar hər birində 6 nəfər olmaqla 2 qrupda mübarizə aparıblar.
Finala vəsiqə qazanan 6 nəfər arasında isə ən yüksək göstəriciyə "Space" televiziyasının əməkdaşı Fuad Atakişiyev imza atmaqla turnirin qalibi adını qazanıb. Azərbaycan Fotoqrafçılar Birliyinin üzvü Məhəmməd İsmayılov 2-ci, "AAAF Media"nın təmsilçisi Vüsal Yalçınoğlu 3-cü olub.
Qadınlar arasında ilk 2 yeri "CBC-Sport" kanalının nümayəndələri tutublar - Vəfa Ağabalayeva 1-ci, Leyla Abdullayeva 2-ci olub. 3-cü yerə isə ATV kanalından Xəyalə Məmmədova layiq görülüb.
Qalib və mükafatçılar qiymətli hədiyyələrlə təltif ediliblər.