
Gürcüstanın paytaxtı Tiflisdə Bakı 2015 Avropa Oyunlarının təqdimatı keçirilib. Sportnet.az-ın məlumatına görə, tədbir Gürcüstan Milli Olimpiya Komitəsinin 25-ci ildönümü münasibətilə təşkil olunan tədbirlərin bir hissəsi kimi Müstəqil Dövlətlər Birliyinin (MDB) və Baltikyanı ölkələrin Milli Olimpiya Komitələrinin Regional Forumunda baş tutub.
Mərasimə dəvət olunmuş qonaqları, o cümlədən, Beynəlxalq Olimpiya Komitəsinin üzvlərini I Avropa Oyunları ilə əlaqədar əldə olunmuş son nailiyyətlər barədə məlumatlandırmaq üçün Bakı 2015-in və Azərbaycan Milli Olimpiya Komitəsinin üzvlərindən ibarət komanda da tədbirə qatılıb. Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi üzrə Milli Olimpiya Komitəsi Mübadilə və Regional Forumlar proqramı çərçivəsində MDB regionundan və Baltikyanı ölkələrdən ümumilikdə 15 ölkə Gürcüstana dəvət olunub.
Nümayəndələri I Avropa Oyunları ilə bağlı gedən hazırlıq işləri barəsində məlumatlandıran Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Atlet Xidmətləri və Əməliyyatlar şöbəsinin direktoru Ceyms Makleod deyib: "Gürcüstan Milli Olimpiya Komitəsi tərəfindən bu cür nüfuzlu ildönümü tədbirinə dəvət olunmaq bizim komanda üçün böyük şərəf oldu. Azərbaycanın qonşu ölkələrini yaxın zamanlarda əldə etdiyimiz irəliləyişlər barədə məlumatlandırmaq baxımından bu tədbirə dəvət olunmaq bizim üçün gözəl imkandır və biz həmin ölkələrin idmançılarının Bakı şəhərində keçiriləcək birinci Avropa Oyunlarında yarışacaqlarını səbirsizliklə gözləyirik. Fürsətdən istifadə edərək Gürcüstanın Milli Olimpiya Komitəsini 25 ildə əldə etdiyi uğurlar münasibətilə təbrik etmək və gələcəkdə daha daha böyük nailiyyətlər arzulamaq istərdim".
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki də həftə sonu keçirilmiş tədbirdə iştirak edib. Onlar Gürcüstan prezidenti və baş Naziri, eyni zamanda, 2015-ci ilin iyununda baş tutacaq I Avropa Oyunlarında iştirak edəcəklərinə ümid edən gənc idmançılarla görüşüblər.